Yay mövsümünün ən çox tələbat görən meyvələri olan çiyələk və şaftalı son günlər bəzi bazarlarda cəmi 1 manata təklif edilir. Qiymətin kəskin ucuzlaşması alıcıların marağına səbəb olsa da, bir çoxlarını düşündürən əsas sual budur: bu qədər ucuz satılan meyvələri almaq sağlamlıq üçün risk yarada bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, məhsulun ucuz qiymətə satılması onun təhlükəli olması demək deyil. Onun sözlərinə görə, əsas məsələ meyvələrin saxlanma və daşınma şəraitidir.

“Xüsusilə çiyələk mikroorqanizmlərlə çirklənməyə daha həssas məhsullardan biridir. Daşınma və saxlanma zamanı gigiyena qaydalarına əməl edilmədikdə meyvədə kif göbələkləri yarana, bu isə qida zəhərlənmələrinə səbəb olur.
Çiyələyin becərilməsi zamanı digər meyvələrlə müqayisədə daha çox kimyəvi maddələrdən istifadə oluna bilir. Buna görə də alıcılar məhsulu seçərkən diqqətli olmalıdırlar”.
Ekspert şaftalı ilə bağlı da xəbərdarlıq edib.
“Meyvənin üzərində çürümə əlamətləri, xoşagəlməz qoxu və ya xarablıq hiss olunarsa, həmin məhsulu almaq məsləhət görülmür. Bəzi insanlar ucuz olduğu üçün belə meyvələri mürəbbə, kompot və ya qış tədarükü üçün istifadə edirlər. Lakin bu düzgün yanaşma deyil.
Çürümüş və ya xarab olmuş meyvələr konservləşdirilsə belə, tərkibindəki bakteriyalar və digər zərərli mikroorqanizmlər sağlamlıq üçün təhlükə yarada bilər”, – deyə ekspert vurğulayıb.
İlkin Şirinov əlavə edib ki, meyvələrin ölçüsünün kiçik olması, formasının əyri və ya bir-birindən fərqlənməsi təhlükə əlaməti hesab edilmir.
“Əksinə, bu, məhsulun təbii şəraitdə yetişdirildiyini göstərir. Açıq sahədə yetişdirilən mövsümi meyvələr istixana məhsullarından görünüş baxımından fərqlənə bilər və bu, tamamilə normaldır”.
Ekspert sonda istehlakçılara tövsiyə edib ki, qiymətindən asılı olmayaraq üzərində çürümə, kif, qıcqırma iyi və ya digər xarablıq əlamətləri olan meyvələri qətiyyən almasınlar. Çünki belə məhsulların istehlakı insan sağlamlığı üçün ciddi risk yarada bilər.
Aynurə İsmayıl
KONKRET.az
