Syerra-Leonedə insan sümüklərindən hazırlanan narkotikaya görə fövqəladə vəziyyət elan edilib.
KONKRET.az xəbər verir ki, Sierra Leonenin prezidenti Julius Maada Bio xalqa televiziya ilə müraciətində narkotik asılılığı səbəbindən ölkənin üzləşdiyi ekzistensial təhlükədən danışıb. Onun sözlərinə görə, xüsusilə təhlükəli olan “kuş” adlı sintetik narkotikdir.
Kuş bir neçə il əvvəl Sierra Leone və qonşu Liberiyada peyda olub. Narkotikdən asılı olan insanlara Qərbi Afrikadakı bu kiçik ölkənin paytaxtı Fritaunun küçələrində asanlıqla rast gəlmək olar. Onlar zombi kimi küçələrdə məqsədsiz şəkildə gəzir, başları çiynində durmur. “Daily Telegraph” yazır ki, bir çox insanların infeksiyaya görə qolları və ayaqları şişib.
Qeyd edək ki, kuşun tərkibinə marixuana, fentanil və tramadol daxildir. Digər mühüm tərkib hissəsi insan sümükləridir. Qəbir qarətini dayandırmaq üçün səlahiyyətlilər qəbiristanlıqlarda təhlükəsizliyi gücləndirməli olublar.
Sierra Leone həkimi son aylarda Fritaun şəhərində kuş istifadəçiləri arasında yüzlərlə ölümün olduğunu deyib. Hələlik bu rəqəmi təsdiqləyən rəsmi məlumat yoxdur.
Natiq Səlim,
KONKRET.az
