İran atəşkəs rejimindən hərbi potensialını bərpa etmək və silah ehtiyatlarını doldurmaq üçün istifadə edib.
KONKRET.az xəbər verir ki, bu barədə bazar günü İran dövlət televiziyasında ölkə parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri İbrahim Əzizi bəyanat verib.
Əzizinin sözlərinə görə, hərbi əməliyyatlardakı fasilə “silahlı qüvvələri yenidən komplektləşdirmək və gücləndirmək üçün fürsət” yaradır.
“Bəziləri soruşur ki, hazırkı mərhələdə atəşkəsə razılıq vermək düzgün idimi? Mənim cavabım belədir: Bu, potensialın bərpası və silahlı qüvvələrimizin səmərəliliyinin artırılması üçün zəruri idi”, – deyə Əzizi bildirib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton da “The Hill” nəşrinə müsahibəsində xəbərdarlıq edib ki, İran mövcud fasilədən qüvvələrini toplamaq və regional təsirini gücləndirmək üçün yararlanır.
Onun fikrincə, atəşkəs rəsmi Tehrana ABŞ-nin hərbi əməliyyatları nəticəsində dəymiş ziyanı kompensasiya etmək və münaqişənin növbəti mərhələləri üçün müdafiə strategiyalarını yenidən qurmaq imkanı verib.//Musavat.com
