Suriyada devrilmiş Bəşər Əsəd rejimi ilə əlaqəli yüksək vəzifəli şəxslərə qarşı ilk açıq məhkəmə prosesi start götürüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Dəməşqdə bazar günü keçmiş prezident Bəşər Əsəd dövründə vəzifə tutmuş şəxslərlə bağlı ilk ictimai məhkəmə iclası keçirilib.
Məhkəmə qarşısına çıxarılan əsas fiqur keçmiş briqada generalı Atıf Nəcib olub.
O, Əsəd hakimiyyəti dövründə Suriyanın cənubundakı Dəraa vilayətində siyasi təhlükəsizlik xidmətinə rəhbərlik edib. Eyni zamanda Atıf Nəcib devrilmiş prezidentin yaxın qohumu sayılır.
SANA agentliyinin yaydığı məlumata görə, ona qarşı “Suriya xalqına qarşı cinayətlər” ittihamı irəli sürülüb.
Qeyd olunur ki, Nəcib 2011-ci ildə həmin postda çalışırdı və onun fəaliyyəti Əsəd təhlükəsizlik qüvvələrinin repressiv siyasətinə qarşı kütləvi etirazların alovlanmasına səbəb olan əsas hadisələrdən biri kimi qiymətləndirilir. Həmin etirazlar sonradan uzunmüddətli vətəndaş müharibəsinə çevrilmişdi.
Bəşər Əsəd isə hakimiyyətin süqutundan sonra Rusiyaya qaçıb. Ona, qardaşı Mahir Əsədə və keçmiş rejimin digər yüksək rütbəli təhlükəsizlik məmurlarına qiyabi ittihamlar irəli sürülüb. Mahir Əsəd müxalif fəallar tərəfindən qətllər, işgəncələr, hədə-qorxu və narkotik ticarəti kimi ağır cinayətlərdə suçlanır.
Bazar günü keçirilən hazırlıq iclasında ittiham olunanlar arasında yalnız Atıf Nəcib həbsdə olduğu üçün şəxsən iştirak edib. İş üzrə əsas məhkəmə prosesinin gələn ay davam etdiriləcəyi bildirilir.//Musavat.com
