“Bu, Rusiyadan qurtulma müharibəsi idi” – CƏNUBİ QAFQAZDA DAVAMLI SÜLHƏ QAPI AÇILDIMI?backend

“Bu, Rusiyadan qurtulma müharibəsi idi” – CƏNUBİ QAFQAZDA DAVAMLI SÜLHƏ QAPI AÇILDIMI?

Türkiyənin bütün son xarici gedişləri arasında bu, ən sürətlisi və ən qətiyyətlisi idi.

Ankaranın sentyabr ayından hərbi müşavirlər, PUA-lar və suriyalı muzdlularla müdaxiləsi Azərbaycanın 6 qanlı həftədə təxminən 30 il ərzində Ermənistanın işğal etdiyi bütün əraziləri geri almasına imkan verib. Ölkənin güclü prezidenti İlham Əliyev böyük dəstək alıb. Türkiyənin sərt gücü, Suriya və Liviyada olduğu kimi, Cənubi Qafqazdakı tarazlığı dəyişdirib.

Bununla belə, çoxları münaqişənin iplərini əlində tutan Moskvanı əsl qalib kimi görür. Bu doğrudurmu?

Məğlubiyyət Ermənistan üçün amansız və alçaldıcı olub. Onun liderləri xain kimi qəzəbli kütlənin hədəfinə çevrilib. İtkin düşmüş xeyli əsgərlə ən azı 1500 hərbçisi öldürülüb, gələcəkdə erməni əksəriyyəti olan Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə hüququ verəcək bir razılaşma üçün mübadilə üçün ümid bağladığı bütün torpaqları da itirilib.

Kremlin vasitəçiliyi ilə noyabrın 10-da qüvvəyə minmiş 9 maddəlik atəşkəs razılaşması Ermənistanın Dağlıq Qarabağın 70%-i üzərində nəzarətini saxlayıb. Rus qüvvələrinin Azərbaycana geri dönməsi mənası verən təxminən 2 min sülhməramlı bölgədə yerləşdiriləcək. Rusiyanın Ermənistanın boğazını sıxması başa çatmaq üzrədir, Azərbaycan üzərindəki təsiri də yenidən böyükdür.

Rusiya Türkiyənin sülhməramlı qüvvələrin bir hissəsi olmayacağını söyləyib, halbuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün əksini iddia edib.

Bəs Türkiyə nə qazanıb?

Regional Tədqiqatlar Mərkəzinin (İrəvan) direktoru Riçard Qiraqossyan Türkiyənin Azərbaycanın “ilkin hərbi himayədarı” kimi itirilmiş rolunu bərpa etdiyini iddia edir. “Türk silah satışları və müşavirləri artıq Rusiyanı əvəzləyib və onlar işlərini bu şəkildə davam etdirmək istəyəcəklər”.

Qiraqossyan əlavə edib: “Rus sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı Azərbaycanın qorxusunu da hiss edirəm”.

Bir çox azərbaycanlı üçün müharibə sadəcə itirilmiş əraziləri geri almaq mənası vermir. “Carnegie Europe”-un baş elmi işçisi və Qafqazla əlaqəli bir neçə kitabın müəllifi Tomas de Vaal bildirib: “Bu, Rusiyadan qurtulma müharibəsi idi”.

Onun fikrincə, Türkiyənin ən böyük strateji qazancı şərq sərhədində Azərbaycan anklavı olan Naxçıvan vasitəsilə Rusiyaya nəqliyyat dəhlizinin açılmasıdır. “Artıq İstanbuldan Bişkekə qədər yol açılır. Əlaqələr yenidən qurulduqdan sonra Türkiyə dəmir yolu Rusiyaya birləşəcək”.

Doğrudan da, Rusiyanın böyük qələbəsi barədə söhbətlər bir qədər şişirdilmiş sayıla bilər. De Vaal deyib: “Razılaşmada zəif nöqtələr var. Rusiya, bəlkə də, çeynəyə biləcəyindən daha çox pay dişləmiş ola bilər. Münaqişə zonasının ortasında 2000-dən az əsgər var. Bu, sadəcə razılaşmadır, ancaq barış deyil”.

O əlavə edib: “Üstəlik, bu razılaşmada Dağlıq Qarabağın statusu ilə bağlı heç bir şey yoxdur. Bu, bir əsrdən çoxdur ki, mübahisənin mərkəzində duran məsələdir. Ondan imtina məqsədlidir, lakin bu, həm də son dərəcə həssas bir siyasi məsələnin həll olunmamış qalması deməkdir”.

Rusiyanın təcavüzü ilə bağlı narahatlıqlar Türkiyəni yenidən Ermənistanla quru sərhədlərini açmağa sövq edə bilər, – bu dəfə İrəvanın xeyrinə.

Ermənistan silahlı qüvvələri 1993-cü ildə Kəlbəcər bölgəsini işğal edərkən, sərhəd Azərbaycanla həmrəylik niyyəti ilə möhürlənmişdi. Razılaşmaya görə, Kəlbəcər noyabrda Azərbaycana qaytarılmış ilk işğal olunmuş ərazi olacaq.

Erməni qüvvələrinin işğal altındakı bütün ərazilərdən geri çəkilməsi başa çatdıqdan sonra İsveçrə vasitəçiliyi ilə 2009-cu ildə Ermənistanla diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq üçün imzaladığı müqavilələrin ləğvinə dair Ankaranın bəhanələri buxarlanacaq.

Beynəlxalq Böhran Qrupunun Azərbaycan üzrə analitiki Zaur Şiriyev hesab edir ki, 2009-cu il müqaviləsindən imtina üçün Türkiyəyə təzyiq göstərən Azərbaycan, indi Rusiya təsirinin azaltmaq üçün Türkiyə ilə Ermənistan arasında normallaşma tərəfdarı olacaq. Bakının düşmən qonşusu ilə iqtisadi əlaqələr qurması daha asan olardı. “Daha da əhəmiyyətlisi budur ki, o, barışığa təkan verəcək, nifrəti azaldacaq və bölgə xalqlarının dinc yanaşı yaşamağı öyrənməsinə imkan verəcək”.

“Sülh müqaviləsinə gətirib çıxaracaq bir sülh planı olmalı və Türkiyənin Ermənistanla münasibətlərini tamamilə normallaşdırması bunun bir hissəsinə çevrilməlidir. Əslində, Türkiyə indi Ermənistanla sərhədlərini birtərəfli olaraq açacağını elan etməlidir”, – deyə Marşal Fondunun Türkiyə Proqramları direktoru Özgür Ünlühisarcıklı bildirib.

Lakin şoka məruz qalan Ermənistanın, xüsusən də, bir çoxlarının müharibə təşəbbüskarı kimi gördüyü Ərdoğan iqtidarı ilə belə bir hərəkəti qəbul etməsi çətindir.

Kolumbiya Universitetinin Yaxın Şərq, Cənubi Asiya və Afrika tədqiqatları üzrə müəllimi Xatçiq Muradyan bildirib: “Türkiyə komandanlıq mərkəzi, öz istehsalı olan “Bayraktar” PUA-ları və “F16”-lar və diplomatik arenada dəstəyi ilə Azərbaycanın müharibə səylərinin mühərriki rolunu oynayıb. Ermənilər Ankaranı bu cür görürlər. Ankaranın Dağlıq Qarabağa müharibəyə sarsılmaz dəstəyi yaxın müddətdə Ermənistan-Türkiyə normallaşması tabutunu qapadıb. PUA qurbanı olan yüzlərlə gəncə yas tutduğu bir vaxtda İrəvanın normallaşma prosesini canlandırmaq səyində olduğunu təsəvvür etmək çətindir”.

Erməni tədqiqatçı və vətəndaş aktivisti Diana Yayloyan deyib: “Türkiyə-Ermənistan barışıq təklifi xain adlanmaq, ictimaiyyətə linç edilmək üçün kifayətdir. Erməni ruhunda azərbaycanlılar və türklər erməni xalqını məhv etmək istəyən qüvvə kimi bir birliyə qovuşublar. Vətəndaş cəmiyyətinin normallaşması işləri illərlə geriləyib. Sıfıra qayıtdıq” .

Əliyevin Ermənistanın bəlaya düşmüş baş naziri Nikol Paşinyanla açıq şəkildə ələ salması da bura qatılmalıdır: “Nə oldu, Paşinyan!? Nə oldu sənin statusun!? Getdi cəhənnəmə, gorbagor oldu!”

“Vaxt keçdikcə praqmatizm qalib gələ bilər və ermənilər məğlubiyyətlərinin səbəbkarı olan öz təkəbbürləri ilə hesablaşmağa başlaya bilər”. Bunu de Vaal bildirib.

İllərdir Tiflisdə yaşayan jurnalist Onnik Krikoryan “Twitter”-də yazıb: “Milliyyətçilər bunu qəbul etməyəcək, amma birlikdə yaşamaq qaçılmazdır. Bu uzun və çətin bir yol olacaq, amma qət edilməli olan bir yoldur. Ümid edirəm ki, indi bir çox erməni və azərbaycanlı bu yolun ağına düşəcək”.

Amberin Zaman

“Al-Monitor”, 11.11.2020

TƏRCÜMƏ: Strateq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*