1986-cı il 26 aprel tarixində Ukraynanın Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda baş vermiş nüvə qəzası haqqında bir çox insan məlumatlıdır.
Texnogen qəzalar arasında ən təhlükəlisi olan nüvə fəlakəti həm insanlara, həm də təbiətə böyük zərərlər vurur. Çernobıl faciəsindən 33 il ötməsinə baxmayaraq, ərazidə hələ də yaşamı bərpa etmək mümkün deyil. Mütəxəssislər həmin ərazidən radiasiyanın təmizlənməsi üçün uzun illərin ötməsinin lazım olduğunu bildirir. Dünya tarixinin ən böyük nüvə faciəsi Çernobılda baş versə də, başqa nüvə testlərinin keçirildiyi və radiasiyanın yüksək səviyyədə olduğu bölgələr var. Bunlardan biri də ABŞ-ın uzun illərdir nüvə testləri keçirdiyi Marşall adalarıdır. Marşall adalarında olan radiasiya səviyyəsi Çernobıl və Xirosimadan min dəfə çoxdur. ABŞ dövləti 1946-1958-ci illlər ərzində bu adada 67 nüvə silahını sınaqdan keçirib. Bundan əlavə, ABŞ hökuməti 1992-ci ilə kimi başqa yerlərdə də nüvə silahı testlərini həyata keçirib.

ABŞ hökumətinin keçirdiyi ən böyük test Marşall adasına yaxın olan Bikini adasında baş tutub. Sözügedən adaya hidrogen bombası atılıb. Bu bomba Xirosimoya atılan atom bombasından 1000 dəfə çox idi. 1946-cı ildə adadakı əhali testin keçirilməsinə görə məcburi şəkildə oradan köçürülüb. Bikini adasındakı test edilən bombanın adı “Castle Bravo” idi.

1958-ci ilə kimi bu adalarda testlər həyata keçirən ABŞ mütəxəssisləri 1960-cı ildə insanların evlərinə geri qayıda biləcəklərini deyib.
Ada əhalisi yenidən evlərinə geri döndü, lakin yüksək radiasiya səviyyəsinə görə yenidən oradan köçməli oldular. Əhalinin bir qismi isə oradan köçdükdən sonra radiasiya qaynaqlı xəstəliklərə yoluxmuşdu. 1986-cı ildə müstəqilliyinə qovuşan Marşall adaları nüvə silahına sahib olan 9 ölkəni beynəxalq məhkəməyə vermişdi.

Orada həyat keçirilən testlərin üzərindən 60 il keçməsinə baxmayaraq, günü bu gün həmin adalarda Çernobıldan daha çox yüksək radiasiya mövcuddur. Bu məlumatı ABŞ-ın Kolumbiya Universitetinin araşdırmaçıları təsdiqləyib. Onların apardığı araşdırmaya görə hazırda Marşall adalarında olduqca yüksək səviyyədə radiasiya var. Araşdırmaçıların sözlərinə görə, ən yüksək radiasiya isə Bikini adasında qeydə alınıb.
Turan Oruc



