“OnePlus” smartfonlarının rusiyalı istifadəçiləri problemlə üzləşiblər. Belə ki, Çindən alınan mobil telefonlar Rusiyada fəaliyyətini dayandırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, smartfonun qlobal versiyası regional kilidə düşüb.
Mənbənin sözlərinə görə, smartfon aktivləşdirildikdən sonra ekranda belə bir mesaj görünür: “Bu telefon konkret region üçün uyğunlaşdırılıb. Cihazı aldığınız yerlə əlaqə saxlayın”.
Regionların bloklanması o deməkdir ki, Çində satın alınan OnePlus 12 smartfonları Rusiya da daxil olmaqla digər regionlar üçün nəzərdə tutulmuş SİM kartlardan istifadə edə bilməz. Bu, cihazları rus istifadəçiləri üçün tamamilə yararsız edir.
Regional kilidləmə Çindən kənarda yaşayan bir çox insan üçün problemlər yaradır. OnePlus smartfonlarının Çin versiyasının alınması onun qlobal bazara daxil olandan nəzərəçarpacaq dərəcədə ucuz olması ilə izah olunur.
İstehsalçı smartfonun kilidini açmaq üçün OnePlus dəstəyi ilə əlaqə saxlamağınız lazım olduğunu bildirsə də, dəstək xidmətinin Rusiyadan olan istifadəçilərə kömək etməyə hazır olub-olmayacağı hələ aydın deyil.
Rəsmiyyə Şərifova,
KONKRET.az
