Belarus və Monqolustan hazırda müşahidəçi qismində çıxış etdikləri Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulacaqlar.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın Astanada keçirilən 40-cı iclasının açılışında bildirilib.
Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Ruslan Seysembayevin sözlərinə görə, ŞƏT-ə üzvlük daim genişlənir:
“Bu, təşkilatımızın durmadan artan beynəlxalq nüfuzunu və təsirini inandırıcı şəkildə nümayiş etdirir. Gələn il ŞƏT-ə üzvlük prosedurunu başa çatdıran Belarusdan təcrübəli mütəxəssislərin qoşulması gözlənilir. Monqolustanda da analoji işlər aparılır”.
Qeyd edək ki, bugünkü iclasda ilk dəfə olaraq ŞƏT-in tamhüquqlu üzvü kimi bu quruma yeni qoşulmuş İran nümayəndəsi də iştirak edir.
Xatırladaq ki, ŞƏT-ə Qazaxıstan, Qırğızıstan, Çin, Hindistan, İran, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.
Müşahidəçi ölkələr isə Əfqanıstan de-yure, Belarus, Monqolustandır.
İqbal Rzayev,
KONKRET.az
