Nepalda güclü daşqınlar nəticəsində 1300-dən çox insan itkin düşüb, onlardan 640 nəfəri turistdir.
KONKRET.az-ın məlumatına görə, itkin düşənlər arasında 48 yaşlı tanınmış Rusiya gidi və tarixçisi Yelena Oksyuz də var. Estoniyadan olan qrup tərkibində Rusiya pasportu ilə Nepala gələn və Tibetə doğru hərəkət edən Yelena ilə əlaqə Rasuvagadxi rayonunda itib. 24 ildən çoxdur Türkiyədə yaşayan və qiyməti 5 min avroya qədər çatan müəllif turları təşkil edən gidin taleyi naməlumdur.
Digər itkin düşən Rusiya vətəndaşı isə Peterburqdan olan 38 yaşlı Anna Pakdır. “Mighty Himalaya Trek & Expedition” şirkətindən tur alan və 8 nəfərlik qrupla dağlara yürüşə hazırlaşan qızın həyat yoldaşının sözlərinə görə, onların qrupu Rasuvagadxi sərhəd məntəqəsi yaxınlığında gecələyib və səhər erkən sərhədi keçib (pasportda müvafiq qeyd də var). Bundan sonra Anna əlaqəni kəsib. İT sahəsində çalışan və son illərdə 36-dan çox uçuş həyata keçirən səyyah da itkin düşənlər sırasındadır.
Bundan əlavə, itkin düşənlər arasında avqustun 11-dən Nepalda olan və Çin tərəfdən sərhəddə dayanaraq Katmanduya üz tutan azı iki Rusiya vətəndaşı da var. Onlar daşqından əvvəl sonuncu dəfə əlaqə saxlayıblar. Həmçinin bir qrupun tərkibində olan 53 Ukrayna vətəndaşı da xəbərsiz itib.
Turizm şirkətlərinin son siyahılarına əsasən, yerləşdiyi yer müəyyən edilməyən 640 turistin 517-si əcnəbilərdir (Hindistan, Malayziya, Böyük Britaniya, Cənubi Afrika Respublikası, ABŞ, Avstraliya, Niderland və Rusiya vətəndaşları). Daha 111 əcnəbinin vətəndaşlığı iəs hələ ki dəqiqləşdirilməlidir. Ümumilikdə isə son məlumatlara görə, 1300 nəfər itkin düşmüş hesab olunur.
Fəlakətin səbəblərinə gəlincə, hadisədən əvvəl səhər saatlarında Tibetdəki Qanq Ben Çen dağında zəlzələ baş verib. Bununla paralel olaraq Qanqbxu buzlağının bir hissəsi qoparaq dərəyə düşüb və suyun səviyyəsinin kəskin qalxmasına səbəb olub. Bundan bir saat sonra isə gələn güclü sel qarşısına çıxan hər şeyi yox edib.

Natiq Səlim,
KONKRET.az
