Təhsil eksperti Kamran Əsədov deyib ki, builki qəbul imtahanlarından 400 baldan yüksək nəticə göstərənlərin sayı ötənilki göstəricilərdən aşağıdır.
Hər iki ilin nəticələrini müqayisə edən ekspert hər şeyi konkret rəqəmlərlə göstərib.
Qeyd edək ki, təxminən iki ay öncə, ilk qəbul imtahanları başa çatdıqdan və builki abituriyentlərin öncəki illərlə müqayisədə zəif nəticə göstərməsinin bəlli olmasından sonra bu məsələ ölkəmizdə xeyli aktuallaşmışdı. Mətbuatda günlərlə davam edən polemikalar da oldu.
O zaman Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və nümayəndələri jurnalistləri “700 bal davası” aparmaqda qınadılar, özlərinə ciddi-cəhdlə bəraət qazandırmağa çalışdılar.

Açıqlanan son nəticələr isə göstərir ki, builki qəbul təkcə 700 bal toplayanların olmaması ilə əlamətdar olmayıb, həmçinin yalnız II ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayının 69 nəfər (2018-ci ildə onlar 182 nəfər olublar) nəfər azalması ilə diqqət çəkib. 600-dən çox bal toplayan abituriyentlərin sayı da 404 nəfər ( 2018-ci ildə 554 nəfər) azalıb, hətta 500-dən çox bal toplayan abituriyentlərin sayında ortaya daha xoşagəlməz rəqəm çıxıb – 1581 nəfər.
Digər ixtisas qruplarında da oxşar vəziyyətdir. Hamısında azalma var.

Bu, o deməkdir ki, DİM-in “islahat”ları özünü doğrultmayıb. Ya abituriyentlərin biliyi bu il düzgün qiymətləndirilməyib, ya da ötən ilki abituriyentlərə şişirdilmiş ballar yazılıb. Hər iki halda DİM-in məsuliyyəti var.
Valideynlər və bəzi mütəxəssislər isə hesab edirlər ki, əslində bu, builki qəbul ballarındakı nəzərəçarpacaq azalma DİM-in məqsədyönlü siyasətinin nəticəsidir. İmtahan mexanizminin dəyişdirilməsində, sualların qəsdən çətinləşdirilməsində məqsəd bu olub ki, 2019-cu ildən başlayaraq abituriyentlər 700 bal toplaya bilməsinlər, 600 və 650-dən yuxarı bal toplayanların sayı azalsın və nüfuzlu universitetlərin prestijli fakültələrində oxumaq istəyən imkanlı abituriyent-tələbələrə daha çox yer açılsın, yüksək təhsil haqqı ödəyən tələbələrin sayı artsın.

Uzaq perspektivdə isə test üsulu ilə qəbulun tamamilə gözdən, nüfuzdan salınması, daha sonra birdəfəlik ləğv olunmasının nəzərdə tutulduğuna dair iddialar, gümanlar var.
Gedişat və ötən ilin bu vaxtlar verilən bədbin ptoqnozlar (bir çox mütəxəssislər deyirdilər ki, yüksək bal toplayanlar azalacaq) göstərir ki, hər halda dildə-ağızda gəzən söhbətlərdə həqiqət payı var.
Konkret.az
