Son illər aliment ödənişləri ilə bağlı məhkəmə çəkişmələri və hüquqi mübahisələr kifayət qədər artıb. Bəzən aliment ödəyən şəxslər maddi vəziyyətlərini və ya digər səbəbləri əsas gətirərək bu öhdəlikdən azad edilmələrinin mümkünlüyünü gündəmə gətirirlər. Digər tərəfdən, cəmiyyətdə alimentin hansı hallarda dayandırılması və ya ödənilməməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Bəs qanunvericiliyə görə, hansı hallarda aliment verilməyə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən, müəyyən hallarda aliment borcundan azad olunmaq və ya borcun məbləğinin azaldılması mümkündür.

“Aliment ödəyən şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərdən borcunun yaranması, eyni zamanda onun ailə və maddi vəziyyətinin həmin borcu ödəməyə imkan verməməsi məhkəmə tərəfindən müəyyən edilərsə, şəxs aliment borcunu tam və ya qismən ödəməkdən azad oluna bilər”.
Turan Abdullazadə diqqətə çatdırıb ki, ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, məhkəmə valideynlərin öz vəzifələrini yerinə yetirmədiyini müəyyən etdikdə, uşaqlar əmək qabiliyyətini itirmiş və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq öhdəliyindən azad edilə bilərlər.
“Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərə övladların aliment ödəmək öhdəliyi yoxdur. Lakin valideynlik hüququndan məhrum edilmiş şəxslər öz növbəsində uşaqlarının saxlanılması və alimentlə təmin edilməsi vəzifəsindən azad olunmurlar”.
Hüquqşünasın sözlərinə görə, aliment öhdəliyindən azadolma yalnız tərəflərin razılığı, məhkəmə qərarı və ya qanunla müəyyən edilmiş digər xüsusi hallarda mümkündür. Bununla belə, valideynlik hüququndan məhrum edilmiş şəxs uşağına aliment ödəmək vəzifəsini itirmir və bu öhdəlik qüvvədə qalır.
Aynurə İsmayıl
KONKRET.az
