Azərbaycanda istehlakçılar alış-veriş zamanı ödənilən ƏDV-nin bir hissəsini geri ala bilsələr də, bu mexanizm kommunal xidmətlərə şamil edilmir. Halbuki elektrik enerjisi, təbii qaz və su xərcləri ailə büdcəsində ən böyük paya malik olan məcburi ödənişlər sırasındadır.
Bəs gələcəkdə kommunal xidmətlər üzrə ödənişlərə görə də ƏDV-nin geri qaytarılması mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən Natiq Cəfərli bildirib ki, texniki və hüquqi baxımdan kommunal xidmətlər üzrə ödənişlərə görə ƏDV-nin geri qaytarılması mümkündür.

Natiq Cəfərli
Onun sözlərinə görə, bu mexanizmi tətbiq etmək əvəzinə, kommunal xidmətlər üzrə ƏDV-nin ümumiyyətlə tutulmaması daha məqsədəuyğun olardı:
“ƏDV-nin geri qaytarılması proqramı kommunal xidmətlərə də şamil olunacaqsa, daha doğru yanaşma elə əvvəldən bu xidmətlərdən ƏDV-nin alınmamasıdır. Çünki söhbət dövlət şirkətlərindən gedir. Bunlar özəl şirkətlər deyil ki, ƏDV-ni büdcəyə ödəsinlər”, – deyə iqtisadçı vurğulayıb.
Natiq Cəfərli hesab edir ki, Azərbaycanda bütün mal və xidmətlər üçün eyni – 18 faizlik ƏDV dərəcəsinin tətbiqi düzgün yanaşma deyil. Onun fikrincə, ölkədə differensial ƏDV sistemi formalaşdırılmalıdır:
“Düşünürəm ki, bizdə differensial ƏDV sistemi olmalıdır. Hər şeyə 18 faiz ƏDV tətbiq edilə bilməz. Kommunal xidmətlər üzrə bu vergi dərəcəsi 2-4 faizə endirilə bilər. Bu da vətəndaşlara ciddi maliyyə dəstəyi olar. Hətta daha yaxşı variant kimi kommunal xidmətlər üzrə ƏDV-nin tamamilə ləğvi də nəzərdən keçirilsin”, – deyə o, əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
