Dövlət Dumasından Yevgeni Plyuşşenkoya tələb: “Oğlunun Azərbaycan millisinə keçməsinə aydınlıq gətirsin”backend

Dövlət Dumasından Yevgeni Plyuşşenkoya tələb: "Oğlunun Azərbaycan millisinə keçməsinə aydınlıq gətirsin"

Rusiya Dövlət Dumasının İdman komitəsi sədrinin birinci müavini Dmitri Svişşev ikiqat olimpiya çempionu Yevgeni Plyuşşenkonun 13 yaşlı oğlu Aleksandr Plyuşşenkonun idman vətəndaşlığını dəyişərək Azərbaycan millisində çıxış etmək qərarına sərt reaksiya verib.

KONKRET.az xəbər verir ki, rusiyalı deputat bu barədə ölkənin “Matç TV” idman kanalına açıqlama verib.

D.Svişşev bildirib ki, belə bir addım onun üçün qəbulolunmazdır və bunun heç bir bəhanəsi ola bilməz. Deputat, həmçinin vurğulayıb ki, Yevgeni Plyuşşenko rəsmi olaraq cəmiyyət qarşısına çıxmalı və oğlunun bu qərarının motivlərini açıq şəkildə izah etməlidir.

Xatırladaq ki, mayın 21-də rus mətbuatında 13 yaşlı fiqurli konkisürən Aleksandr Plyuşşenkonun (sosial şəbəkələrdə “Qnom Gnomıç” kimi tanınır) idman fəaliyyətini bundan sonra Azərbaycan bayrağı altında davam etdirəcəyi barədə rəsmi məlumat yayılıb. Rusiya Fiqurlu Kankisürmə Federasiyası artıq onun Azərbaycan yığmasına keçidinə icazə verib. Atası Yevgeni Plyuşşenkonun sözlərinə görə, oğlu indiyədək Rusiya yığmasının heyətində yer almayıb və beynəlxalq yarışlarda iştirak etmədiyi üçün “karantin müddəti”ni uğurla başa vurub. Aleksandr növbəti mövsümdən etibarən beynəlxalq arenada Azərbaycanı təmsil edəcək.

Onu da qeyd edək ki, Dövlət Dumasının digər deputatı Vitali Milonov da bu qərarı kəskin tənqid edərək, Plyuşşenkonun böyük bir səhvə yol verdiyini və onun üçün peşəkar maraqların ölkədən daha üstün olduğunu iddia edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*