Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNİBbackend

Dünya liderləri İlham Əliyevi təbrik edir - YENİLƏNİB

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının dövlət bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün hamı üçün aydındır ki, Sizin ölkəniz qarşıya yeni inkişaf zirvələrini fəth etmək məqsədini qoyaraq, xalqın rifahının yüksəldilməsində və dövlətin təhlükəsizliyinin möhkəmlənməsində sanballı nəticələr əldə edib.

Bildiyiniz kimi, mən həmişə Sizin dost xalqlarımız arasında müstəsna münasibətlərin gələcək inkişafına böyük töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, aramızda yaranmış dostluq və hörmət gələcəkdə də davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və rifah diləyirəm”.

17:44

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident!

İcazə verin, Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırım. Macarıstan ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq nümunəvi xarakter daşıyır, həmçinin iqtisadi və siyasi əlaqələrimizin fasiləsiz inkişafı ilə dəstəklənir.

Mən şadam ki, bu ilin yanvarında biz ölkələrimiz arasında əlaqələri genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq.

Sizi əmin edə bilərəm ki, Macarıstan hökuməti Azərbaycan Respublikası ilə həm ikitərəfli, həm də Türk dövlətlərinin əməkdaşlığı çərçivəsində çoxşaxəli əsasda əlaqələrin daha da inkişafı üçün səy göstərməyə sadiqdir. Əminəm ki, məhsuldar əməkdaşlığımız hər iki ölkənin vətəndaşlarının rifahına xidmət edəcək.

Sizə möhkəm cansağlığı və məsul vəzifənizdə yeni uğurlar arzu edirəm”.

***

17:41

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident!

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına İtaliya Respublikasının adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Rusiya-Ukrayna müharibəsi ilə xarakterizə olunan həssas bir dövrdə çoxsaylı görüşlərimiz zamanı da təsdiq etdiyimiz kimi, Bakı və Romanı birləşdirən möhkəm əlaqələrin davamlı olaraq güclənməsini qeyd etmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.

Xalqlarımızı birləşdirən həqiqi dostluğa əsaslanaraq, əminliklə bildirirəm ki, biz qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxölçülü strateji tərəfdaşlığımızı dərinləşdirmək üçün bundan sonra da bütün imkanlardan istifadə edə biləcəyik.

Bu kontekstdə İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişafına güclü dəstəyini davam etdirəcəkdir.

Cənab Prezident, Sizə səmimi dostluq ruhunda şəxsi rifah, dost Azərbaycan xalqına firavan gələcək arzularımı çatdırıram”.

***

17:02

Macarıstanın Prezidenti Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az-ın məlumatına görə, mətndə deyilir:

“Hörmətli cənab Prezident!

İcazə verin, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edim.

Azərbaycan Respublikası ilə əlaqələr Macarıstan üçün xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, şadam ki, Sizin bu ilin yanvar ayında ölkəmizə səfəriniz zamanı biz əlaqələrimizi genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik.

Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında əməkdaşlığın daha dinamik inkişafına sadiq qalır. Sentyabrda keçiriləcək beşinci Budapeşt Demoqrafik Zirvə toplantısına dəvətimə verdiyiniz cavaba və Azərbaycanın görüşdə yüksək səviyyədə təmsil olunacağını təsdiqlədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və məsul vəzifənizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram”.

***

16:48

İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Man bu fürsətdən istifadə edərək, vətəndaşlarınıza və ölkənizə xoşbəxtlik və əmin-amanlıq dolu gələcək arzulayıram.

Əminəm ki, biz gələcək illərdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

***

16:46

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az-ın məlumatına görə, mətndə deyilir:

“Cənab Prezident!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram”.

***

16:43

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az-ın məlumatına görə, mətndə deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından Sizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram”.

***

16:42

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında münasibətlər dərin tarixi köklərə malikdir və qarşılıqlı etimada, hörmətə, səmərəli əməkdaşlığa əsaslanır. Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik.

Bu il 100 illiyi qeyd olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, ölkələrimiz bu yolda inamla irəliləyir. Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini də bir daha təsdiq edirəm.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, güclü və firavan Azərbaycanın inkişafı yolunda yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram”.

***

15:10

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Skarano və Adele Tonnini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və şəxsən öz adımızdan səmimi təbriklərimizi çatdırmaq istərdik.

Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizin şəxsi uğurlarınız və bütün Azərbaycan xalqının firavan gələcəyi ilə bağlı ən xoş arzularımızı bildirir, yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

***

14:39

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram”.

***

14:35

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, ölkənizin daha də inkişafı naminə ən xoş arzularımı çatdırmaq istərdim.

Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə qəti inamımı bildirirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı çatdırıram”.

***

13:35

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az-ın məlumatına görə, mətndə deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Suverenlik illərində böyük uğurlar qazanan Azərbaycan bu gün dünya arenasında müstəqil, sülhsevər xarici siyasət yürüdən, Yer kürəsinin müxtəlif guşələrində tərəfdaşları ilə əməkdaşlığı fəal inkişaf etdirən və beynəlxalq təhlükəsizliyin, sabitliyin möhkəmlənməsinə mühüm töhfə verən nüfuzlu dövlət kimi tanınır.

İcazə verin, Təşkilatımız çərçivəsində məhsuldar əməkdaşlığa və onun fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirim. Azərbaycan artıq yeddi ildən çoxdur ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dialoq üzrə tərəfdaşdır, onun tədbirlərində fəal iştirak edir və Təşkilatın inkişafına öz layiqli töhfəsini verir.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, nəzərdə tutulan planlarınızın reallaşmasını, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.

***

13:27

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az-ın xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan Respublikasının xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

13:16

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az-ın məlumatına görə, mətndə deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə inandığımı bildirirəm. Ümidvaram ki, Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq geniş regionumuzun inkişafına və sabitliyinə töhfə verərək, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəkdir.

Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

12:51

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluqla ən xoş arzularımı çatdırıram.

Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olmuşdur. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcəkdir.

Mən, həmçinin uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycanı uğur və tərəqqi yoluna çıxarmış Ümummilli Liderin xatirəsinə dərin ehtiram bəsləyən, “Heydər Əliyev İli”ndə onun 100 illik yubileyini qeyd edən Azərbaycan xalqını təbrik edirəm.

Əminəm ki, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək üçün Sizinlə işləməkdə davam edəcəyik.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, dərin ehtiramımı və xoş arzularımı qəbul edin”.

***

12:19

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident!

Sizə və Sizin simanızda dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir.

Cənab Prezident, Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana tərəqqi, güc, qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*