Ukrayna Silahlı Qüvvələrində döyüşmüş əsir düşmüş əcnəbilərə hökm oxunub.
KONKRET.az xəbər verir ki, “DXR” məhkəməsi üç əcnəbi döyüşçüyə ölüm hökmü çıxarıb.
“Donetsk Xalq Respublikası” məhkəməsində iyunun 9-da keçirilən iclasında Ukrayna silahlı birləşmələrinin tərəfində vuruşan üç əcnəbi döyüşçüyə ölüm cəzası verilib.
“DAN” agentliyinin məlumatına görə, qərar Donetskdə məhkəmə zalında elan edilib. Əsirlər Britaniya vətəndaşları Şon Pinner və Aiden Aslin, həmçinin Mərakeş vətəndaşı Saadun Brahimdir. Bunlar “”DXR-də məhkum olunmuş ilk əcnəbi döyüşçülərdir.
Hər üçü Ukrayna Silahlı Qüvvələrinin Dəniz Piyadaları Korpusunun 36-cı Əlahiddə Briqadasında xidmət edib.
Təqsirləndirilən şəxslərə “DXR” Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham irəli sürülüb: “Bir qrup şəxs tərəfindən cinayət törətmək”, “Hakimiyyəti zorla ələ keçirmə və ya hakimiyyəti zorla saxlama”, “Muzdluluq” və “Terrorçuluq fəaliyyətləri məqsədi ilə təlim keçmək”.
Məhkəmə iclaslarında onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.
Məhkəmə cinayətlərin məcmusuna əsaslanaraq hər üçünə müstəsna cəza – ölüm cəzası verilməsi barədə qərar çıxarıb. Elan edilmiş hökmü jurnalistlərə bu iş üzrə məhkəmə kollegiyasının sədri Aleksandr Nikulin şərh edib.
“İttiham tərəfinin bu iş üzrə təqdim etdiyi sübutlar bütün təqsirləndirilən şəxslərin bütün ittihamlar üzrə özlərini təqsirli bildiklərini nəzərə almasaq, məhkəməyə hökm çıxarmağa imkan verdi. Sübutlar bir daha təsdiqlədi ki, ittihamlar təkcə onların təqsirini etiraf etmələrinə əsaslanmır. Məhkəmə hökm çıxararkən təkcə müəyyən edilmiş norma və qaydaları deyil, həm də ədalətin əsas sarsılmaz prinsipini rəhbər tutmuşdur. Məhz bu, çətin qərarı – məhkumlara müstəsna cəza tədbiri – ölüm cəzasını tətbiq etməyə imkan verdi”, – deyib.
Məhkəmə zalında iş üzrə təqsirləndirilən şəxslərin iştirakı ilə hökm oxunub. Məhkumların hökmdən çıxarıldığı gündən bir ay müddətində apellyasiya şikayəti vermək hüququ var. Hər üçü apellyasiya şikayəti vermək qərarını təsdiqləyib.
Agentlik xatırladır ki, muzdlulara qarşı işlərə baxan məhkəmənin ilk iclası bazar ertəsi, iyunun 6-da baş tutub. Sonra dindirmələr və müzakirələr aparılıb, təqsirləndirilən şəxslərə dövlət himayəsi verilib.
Xuraman Etibarlı,
KONKRET.az
