“Ümumdünya Meteorologiya Təşkilatının (WMO) proqnozlarına əsasən, bu il yay fəslinin payız havasını xatırladacağı və ya sərin keçəcəyi gözlənilmir. Əksinə, proqnozlar tamamilə fərqli bir mənzərəni – növbəti anomaliyaların və güclü isti dalğalarının olacağını göstərir”.
Bu fikirləri hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Meteoroloji hesabatlara görə, ötən il zəifləyən “La Nina” cərəyanından sonra Sakit okeanda sürətli istiləşmə müşahidə olunur və “El Nino” fazasına keçid baş verir. Bu dəyişiklik planet miqyasında temperaturları daha da yüksəldir. Proqnozlara görə, bu il qlobal tarixin ən isti dörd ilindən biri (böyük ehtimalla ikincisi) olacaq.
Bəzi regionlarda yayın payıza bənzəyəcəyi təəssüratının yaranması havaların sərin keçməsi ilə deyil, “ekstremal yağıntılar, qəfil siklonlar və fırtınalarla” bağlıdır. İqlim dəyişikliyi atmosferdəki rütubəti artırdığı üçün isti hava kütlələri qəfil və dağıdıcı leysan yağışları, sel və dolu hadisələri ilə müşayiət olunur”.
C.Hüseynov vurğulayıb ki, bizim regionu da əhatə edən Avrasiya coğrafiyasında hava axınlarının strukturu (meridional şırnaq-jet axınları) dəyişdiyi üçün stabilliyin pozulması yay aylarında iki ziddiyyətli radikal hadisəyə yol aça bilər:
“Birincisi, uzunmüddətli quraqlıq və günlərlə davam edən yüksək temperatur dalğalarıdır. İkincisi isə, istilərin təsiri ilə buxarlanan suyun qəfil və şiddətli leysan yağışlarına çevrilməsidir.
Qısacası, 2026-cı ilin yayında bizi sərin payız günləri deyil, Azərbaycan və Xəzər hövzəsində hava şəraitinin ümumilikdə normadan daha isti, quraq və kəskin iqlim kontrastları ilə keçəcəyi bir yay gözləyir”.
Aynurə İsmayıl
KONKRET.az
