Ekspert: “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur”backend

Ekspert: “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur”

Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycanda təhsil haqqının çox aşağı olduğu, dünyanın heç bir yerində pulsuz təhsilin olmadığı, təhsilin investisiya tələb etməsi barədə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələr yaradıb. Nazirin fikirlərini təsdiq edənlərlə yanaşı, tənqid edənlər də kifayət qədərdir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun sözlərinə görə, təhsil haqları Azərbaycandan qat-qat yüksək və aşağı olan ölkələr də var.

O bildirib ki, burada söhbət təhsil haqqının yuxarı və ya aşağı olmasından deyil, təhsilin keyfiyyətli olub-olmamasından getməlidir: ““Ən aşağı təhsil haqqı Azərbaycandadır” demək doğru olmazdı. Müxtəlif ölkələrdə müxtəlif qiymətlər var. Ödənişsiz ali təhsil verən ölkələrdə zahirən pulsuz görünür, amma bu xərci dövlət ödəyir və bu bizim təhsil haqqından 5-10 dəfə çoxdur. Bu ölkələrdə universitetlər öz təhsil haqqını istənilən halda tam alır. Bu xərci vətəndaşın əvəzinə dövlət ödəyir. Məsələn, Almaniya, Türkiyə və s. ölkələrdə məhz belədir. Bizdə isə tələbə gedib “Təhsil Tələbə Krediti Fondu”ndan kredit götürür və təhsil haqqını ödəyir. Ancaq bu pulun qarşılığında keyfiyyətli təhsil ala bilmir. Problem budur. Bu səbəbdən də həmin tələbə sonralar əmək bazarında rəqabət qabiliyyətli olmur, heç bir iş tapa bilmir, ya da istədiyi işi tapmır. Azərbaycanda mənfi tendensiya yaranıb. Xaricdə oxuyanları, ingiliscə danışanları ilk növbədə işə götürürlər, xüsusən də dövlət qurumlarında… Yerli universitetlərin məzunları iş tapa bilmirlər, əmək bazarında vakansiyalar ilbəil azalır, ixtisarlar gedir, məzundan staj tələb edilir. Olan vakansiyalar da “Bravo”, “Sədərək” ticarət mərkəzində, “Bolt” taksi xidmətində sürücüsü və s. kimi işlərdir. Bizim təhsil sistemi təəssüf ki, keyfiyyətsizdir”.

Ekspert qeyd edib ki, ölkədə qiymətlər daim artır, universitetlərin isə öz əməkdaşlarının maaşını qaldırmaq imkanı yoxdur: “Universitetləri publik hüquqi şəxs etdik, yəni universitetlər maddi baxımdan özü-özünü saxlamalı idilər. Necə? Hansı resurslarla? Bizim kimi ölkələrdə universitetlər, elm və təhsil dövlət himayəsində olmalıdır, ya da çökməlidir, çünki başqa pul qazanmaq imkanı hələ də yoxdur. Az bir qisim, rəhbərlikdə təmsil olunan 3 faiz əməkdaşın yüksək maaşı var, digərlərinin maaşı isə Bakı şəhəri üzrə orta əmək haqqından da aşağıdır. Belə ki, Bakıda orta əmək haqqı 1200 manatdır. Ali məktəblərdə professorun maaşı ortalama 1200 manat, dosentin maaşı 1000 manatdır. Elmi dərəcəsi olmayan müəllimlərin maaşı isə 1000 manatdan da azdır. Yəni, ali məktəblər son beş ildəki fasiləsiz qiymət artımına uyğun adekvat maaş verə bilmirlər. Universitetlərə publik hüquqi şəxs status tələsik verildi, özü də ziyanlı oldu. Nəticədə əmək haqqı artmır, sanki, yerlə sürünür, amma təmir-tikinti işləri sürətli gedir. Biz bəlkə də, yeganə ölkəyik ki, nazirin maaşı professorun maaşından 10-12 dəfə yüksəkdir. Universitetlərdə normal əmək haqqı, normal elm-təhsil qrantları olmadığına görə ali təhsildə keyfiyyət yoxdur. Başqa bir problem: biz yüksək təhsil haqqı tələb etsək də, buna uyğun keyfiyyətdə təhsil vermirik, əlavə olaraq əhalinin yüksək təhsil haqqı ödəməyə maddi imkanı da yoxdur. Tək təhsil deyil, hər sahədə qiymətlər artır, valideynlərin yeni qiymətlərlə təhsil haqqı ödəməyə imkanı yoxdur. Bu dərs ilində 13 000 tələbə təhsil haqqı ödəyə bilmədiyi üçün xaric edilib.  Bu səbəblərdən ali təhsildə ziddiyyətli vəziyyət yaranır”.

İ.Əhmədovun sözlərinə görə, nazirlik dövlət hesabına sistematik şəkildə universitetlər üçün dərsliklər çap etdirməlidir: “Nazir 5-6 il öncə də demişdi ki, 1500 manata mühəndis hazırlamaq olmaz, indi də deyir ki,  2000 manata İT mütəxəssisi hazırlamaq olmaz. Eyni sözləri inflyasiyanı nəzərə alaraq, yenidən təkrar edir.

Faktiki olaraq ali təhsildəki problemlər illərlə həll olunmayıb deyə, indi də necə həll edəcəklərini menecerlər, sanki bilmirlər. Ən pisi isə menecerlər heç nə öyrənmək istəmirlər.  Deyəsən, sertifikasiyadan kəsilən müəllimlərimiz, təhsil menecerlərindən daha məsuliyyətlidirlər. Nazirlik deyir, Bakıdakı universitetlərə qəbul planını azaldıb, regionlardakı universitetlərin qəbul planını artıraq. Yəni, Bakıda tələbə az olsun, daha keyfiyyətli təhsil olsun. Bu, həll yolu deyil. Çünki təhsilin keyfiyyəti auditoriyadakı tələbə sayından asılı deyil.  Yüz minlərlə tələbəsi olan universitetlər var ki, onlar yüksək keyfiyyətli təhsil verirlər. Bizim ali təhsil isə çox vaxt keyfiyyətsiz olur, ona görə yox ki, tələbə sayı çoxdur. Bəli, tələbə sayının qismən təsiri var, ancaq məsələ budur ki, Azərbaycanda ali təhsilin tədris metodik bazası,  təhsil ekosistemi zəifdir, müəllimlərin təkmilləşmə, ixtisasartırma sistemi dağıdılıb, nazirlik səviyyəsində universitetlər üçün dərslik hazırlanmır. Müəllimlər öz hesabına nə isə edirlər, kitablar yazırlar, sonra da çap edib tələbəyə satırlar, amma bu, həll deyil, müasir universitetlər, reytinqə xeyli pul sərf edən universitetlər belə etməli deyillər. Universitetlər üçün dövlət xətti ilə dərsliklər, elektron resurslar yaradılmalıdır. Problemlər çoxdur, həll edənlər isə yoxdur… Elm və Təhsil Nazirliyi 10 problemi gizlədib, 11-cini deyir, bunu bir az da şişirdirlər. Düşünürəm ki, təhsildə bir çox məsələlər 30 ildə başlı-başına buraxıldığına görə, az maliyyə və səriştəsiz idarəetmə səbəbi ilə sistem xarakterli olub.

Menecerlər bu problemlərin həll mexanizmini bilmirlər. Çünki təcrübələri, bilik bazaları, uyğun ixtisas təhsili yoxdur, bu sahədəki beynəlxalq təcrübəni də bilmirlər. Menecerlər gedirlər xarici təcrübə öyrənməyə, görürlər ki, Qazaxıstanın bir məktəbində müəllimlər məktəb forması geyiniblər, 1000 problem qalır kənarda, tez gəlib müəllimlərin forma geyinməsini tələb edirlər, tətbiq edirlər. Bu kifayət deyil axı… Təhsilin min problemi qalıb kənarda, məktəb formasını müzakirə edirlər. Dövlət İmtahan Mərkəzinin hesabatı yayımlandı ki, Azərbaycan məktəblərində şagirdlərin proqramı mənimsəmə dərəcəsi 40 faizdir. 40 faiz biliyi olan məzun universitet tələbəsi olmamalı, attestat da almamalıdır. Çünki o proqramı mənimsəyə bilməyəcək. Bu problemləri müzakirə etmirlər, baş qatmaq üçün isə məktəb forması, digər nəticəsiz və əhəmiyyətsiz məsələlər, müzakirələrlə gündəmi qatırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*