Rusiyanın Tver vilayətində güclü qasırğanın törətdiyi fəsadların vaxtında aradan qaldırılmaması faciəyə səbəb olub. Elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində 1 nəfər elektrik cərəyanı vurması səbəbindən həlak olub.
KONKRET.az xəbər verir ki, hadisə Vıdropujsk kəndində baş verib. Məlumata görə, iyulun 11-dən 12-nə keçən gecə baş verən güclü külək elektrik ötürücü xəttini yararsız hala salıb və naqillərdən biri Vladimir adlı şəxsin bağ evinin qarşısına düşüb.
Ailə üzvlərinin iddiasına görə, hadisə baş verdikdən dərhal sonra onlar kommunal xidmətlərə zəng edərək ərazinin təhlükəsizliyinin təmin olunmasını və cərəyanın kəsilməsini tələb ediblər. Lakin bir neçə gün keçməsinə baxmayaraq, heç bir xidmət əməkdaşı hadisə yerinə gəlməyib.
Nəticədə, eşitmə qüsurlu olan Vladimir evdən çıxarkən yerdəki naqilə ayağı ilişib. Güclü elektrik cərəyanı vurması nəticəsində kişi hadisə yerindəcə dünyasını dəyişib. Yaxınları bildirib ki, meyit saatlarla yağış altında qalıb və yalnız faciədən sonra əraziyə gələn təcili yardım və polis əməkdaşları elektrik xəttini kəsə biliblər.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Ailə üzvləri ölüm haqqında şəhadətnamədə ölümün dəqiq səbəbinin göstərilmədiyini iddia edirlər.
Natiq Səlim,
KONKRET.az
