Ulu Öndər Heydər Əliyev, “Müəllimdən yüksək ad tanımıram” ifadəsi ilə bu şərəfli peşənin əhəmiyyətinə möhür vurub. Amma təəssüf ki, son illər təhsil sistemindəki problemlər müəllimləri də çətin vəziyyətə salıb.
Təhsil eksperti, dosent İlham Əhmədov KONKRET.az-a açıqlamasında bildirib ki, son illərdə təhsil sistemlərində müəllimlərin sertifikasiya və qiymətləndirmə prosesləri geniş tətbiq edilir. Bu proseslərin əsas məqsədi tədrisin keyfiyyətini yüksəltmək, peşəkar inkişafı stimullaşdırmaq və təhsil sisteminin nəticəyönümlülüyünü artırmaqdır. Prinsip etibarilə bu yanaşma müasir təhsil idarəetməsinin tərkib hissəsidir və dünyanın bir çox ölkələrində müxtəlif formalarda tətbiq olunur:
“Təhsildə keyfiyyətə dair ciddi problemlərimiz var. Əsas problem isə kadr məsələsidir, o cümlədən müəllim kadrlarının hazırlıq keyfiyyəti. Nazir bu mövzuda danışarkən özü də etiraf edib ki, universitetlərimizdə keyfiyyətə təminat sistemi zəifdir, halbuki, bu sistemi nazirlik özü yaratmalı idi. Amma ETN bunu etməyib.
Nazirlik yenə də səbəblərlə yox, nəticələrlə mübarizə aparır. Bu yolla heç bir nəticə əldə edilə bilməz. Çünki, keyfiyyətsiz kadr hazırlığı konveyeri fasiləsiz işləyir, ETN isə univeritetlərdə bu sistemi 20 ildir ki, yarada bilmir.
Bu vəziyyətdə keyfiyyətli müəllimlər təhsil sisteminin fəaliyyəti ilə yox, tək-tək müəllimlərin fərdi çalışqanlığı hesabına yaranır. Bu isə digər müəllimlərə qarşı etimadsızlıq və şübhə yaradır. Əslində isə, pis məktəb, şagird, müəllim yoxdur, pis təhsil sistemi var. Təhsil sisteminin özü sertifiksiya edilməlidir, müəllimlər yox. Çünki, bu müəllimləri də heç vaxt sertifikasiya edilməyən təhsil sistemi özü yaradıb.
Belə bir təhsil sistemi 40 il müəllim işləyən, minlərlə şagird yetişdirən, cəmiyyətə yüzlərlə mütəxəssis qazandıran bir insanın peşəkarlığını bir neçə saatlıq imtahanlla necə müəyyən edə bilər?
Bu sual yalnız müəllimlərin deyil, bütövlükdə təhsil siyasətinin fəlsəfəsinə aid məsələdir.
Müəllim inkişafı sistemi niyə dağıdıldı?
Tez-tez təkrar deyirik ki, təhsil millətin gələcəyidir. Müəllim təhsildə əsas simadır. Dünyanın indiki dinamik inkişafı dövründə, ölkədə təhsil islahatları aparıldığı bir zamanda, müəllimlərin inkişafı təhsil siyasətinin prioriteti olmalı idi. Amma təhsil nazirliyi isə əksini etdi. Ölkədə müəllimlərin fasiləsiz peşakar inkişafı sistemini tam dağıtdı.
Təhsil naziri bir neçə il əvvəl deyirdi: “yaşlılar 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrədirlər. Düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər onların işinə yarayacaq. Ölkədə artıq 20 ildir ki, müəllimlərin fasiləsiz təkmilləşdirmə və ixtisasartırma institutları ləğv olunub, bu iş nazirliyə yaxın olan bir qrup işbazlara həvalə edilib.
Təbii ki, təhsil sahəsində təcrübəsiz və səriştəiz işbazların təşkil etdiyi belə təlimlərin, kursların heç bir keyfiyyəti və müsbət nəticəsi ola bilməzdi. Bu addımı atanlara nə təhsil, nə onun keyfiyyəti, nə də müəllim inkişafı maraqlıdır. Marağın nə olması hamıya məlumdur. Bu səbəbdən ölkədə təhsil tədqiqatları aparan yeganə elmi-tədqiqat institunu da təlim mərkəzinə çevirdilər. Təhsil siyasətində belə silsilə kobud səhvlər nəticəsində təhsilimiz daha da gerilədi.
Amma ETN 20 illik səhvini düzəltmək əvəzinə, belə bir vəziyyətdə bütün günahları müəllimlərin üzərinə qoyur. Guya bu müəllimləri ETN-nin nəzdində olan universitetlər yox, xarici ali təhsil müəssisələri hazırlayıb, onları davamlı imtahan edir, testləşdirir.
Görünür məmurlara təhsil, onun keyfiyyəti, müəllimin inkişafı, bu insanların taleyi yox, yeni vakant yerlər daha çox maraqlandırır.
Müəllimin peşəsi fabrik işi deyil.
Təhsil sistemində ən böyük səhvlərdən biri müəllim əməyinə sənaye məntiqi ilə yanaşmaqdır. Fabrikdə məhsulun keyfiyyətini ölçmək nisbətən asandır. Məktəbdə isə nəticə yalnız test balı ilə müəyyən edilə bilməz. Çünki müəllim bilik ötürmür, insan formalaşdırır, dərs keçmir, şəxsiyyət yetişdirir, proqram izah etmir, düşüncə mədəniyyəti yaradır. Müəllimin fəaliyyətinin nəticəsi bəzən 20-30 il sonra görünür. Bu səbəbdən müəllimin peşəkarlığını yalnız test nəticəsi ilə ölçmək pedaqoji baxımdan olduqca məhdud yanaşmadır.
Təcrübə strateji kapitaldır
İnkişaf etmiş ölkələrdə təcrübəli müəllimlər təhsil sisteminin ən qiymətli resurslarından hesab edilir. Çünki uzun illər ərzində müəllim sinif idarəetməsini mənimsəyir, şagird psixologiyasını öyrənir, müxtəlif nəsillərin xüsusiyyətlərini müşahidə edir, tədris metodlarını praktikada sınaqdan keçirir, peşəkar intuisiya formalaşdırır. Bu biliklərin əhəmiyyətli hissəsi dərsliklərdə yazılmır. Buna “səssiz bilik” deyilir. Məhz bu səbəbdən dünyanın qabaqcıl təhsil sistemləri yaşlı müəllimləri sistemdən uzaqlaşdırmır, əksinə onların təcrübəsindən mentorluq və metodiki rəhbərlik üçün istifadə edir”.
Ekspertin sözlərinə görə, təhsil sistemləri yalnız testlərə güvənə bilməz:
“Finlandiya, Sinqapur, Kanada və digər inkişaf etmiş ölkələrdə müəllim qiymətləndirilməsi bir neçə komponentdən ibarətdir: dərs müşahidələri, peşəkar portfoliolar, metodiki fəaliyyət, şagird nailiyyətləri, valideyn və məktəb rəhbərliyinin rəyləri, peşəkar inkişaf göstəriciləri və sair. Bu ölkələrdə müəllimin taleyi yalnız bir imtahan nəticəsi ilə müəyyən edilmir. Çünki, təhsil sahəsində qərarlar insan kapitalına birbaşa təsir göstərir. Təcrübənin təhsil sistemindən çıxarılması məktəbin çöküşünün başlanğıcıdr.
Əgər uzun illər çalışmış müəllimlər yalnız imtahan nəticəsinə görə sistemdən uzaqlaşdırılırsa, bunun bir sıra riskləri meydana çıxa bilər.
Təcrübəli müəllimlər məktəblərin kollektiv yaddaşıdır. Onların ayrılması ilə illərlə formalaşmış təcrübə də itirilir. Əgər müəllimlər hiss etsələr ki, onilliklərlə gördükləri iş bir neçə saatlıq imtahanla qiymətləndirilir, bu, peşəyə münasibətə mənfi təsir göstərə bilər. Gənc müəllimlər üçün yanlış siqnal riski. Belə vəziyyət gənc müəllimlərdə belə təsəvvür yarada bilər ki, peşəkar inkişaf və praktik nəticələrdən daha vacib olan test texnikalarıdır.
Digər tərəfin arqumentləri
Əlbəttə, məsələyə yalnız emosional yanaşmaq düzgün olmazdı. Sertifikasiya tərəfdarları haqlı olaraq bildirirlər ki, müəllim daim öyrənməlidir, təhsil proqramları dəyişir, yeni texnologiyalar meydana çıxır, müasir pedaqogika yeni yanaşmalar tələb edir. Bu arqumentlər tamamilə əsaslıdır. Lakin burada əsas məsələ sertifikasiyanın olub-olmaması deyil. Əsas məsələ onun necə həyata keçirilməsidir.
Problemin həlli nədir?
Müasir təhsil idarəetməsi müəllimləri cəzalandırmaq yox, inkişaf etdirmək fəlsəfəsinə əsaslanmalıdır. Əgər məqsəd təhsilin keyfiyyətini artırmaqdırsa, onda qiymətləndirmə sistemi aşağıdakı prinsiplər üzərində qurulmalıdır:
- Çoxmeyarlı qiymətləndirmə. Tək imtahan yox, müxtəlif göstəricilər nəzərə alınmalıdır.
- Təcrübənin çəkisi nəzərə alınmalı. 20-30-40 illik pedaqoji fəaliyyət ayrıca qiymətləndirilməlidir.
- İnkişaf yönümlü yanaşma. Qiymətləndirmə işdən çıxarma, vakansiya yaratma mexanizmi deyil, peşəkar inkişaf vasitəsi olmalıdır.
- Mentorluq institutunun yaradılması. Təcrübəli müəllimlər sistemdən uzaqlaşdırılmamalı, onların bilikləri yeni müəllimlərə ötürülməlidir.
Təhsilin əsas paradoksu
Təhsildə ən böyük paradokslardan biri budur: bir tərəfdən təcrübənin vacibliyindən danışırıq, digər tərəfdən isə həmin təcrübəni qorumaq üçün mexanizmlər yaratmırıq. Heç bir universitet professorunu yalnız bir test nəticəsinə görə qiymətləndirmir. Heç bir həkimin 40 illik peşəkar fəaliyyəti yalnız bir imtahanla ölçülmür. Heç bir alim bir test nəticəsinə görə alim olmaq statusunu itirmir. Heç təhsil məmurlarının da fəaliyyəti testlə yoxlanılmır, qiymətləndirilmir. Onların çoxu təhsil sisteminə imtahan vermədən, təsadüfən gələn kadrlardır. Bu halda bəs niyə müəllim peşəsi üçün fərqli yanaşma tətbiq edilməlidir?
Təhsil menecerlərinin peşə səriştələri və peşə standartı sistemi haqqında əvvəllər məqalələr yazmışıq. Əgər bu gün təhsil menecerləri həmən standartlarla işə qəbul imtahanı və ya sertifikasiya edilsələr, onların 80-90 % bu sertifikasiyadan keçə bilməz. Göründüyü kimi, 40 il şagird yetişdirən müəllimi bir imtahan əsasında sistemdən uzaqlaşdırmaq məsələsi əslində müəllim taleyi deyil, təhsil fəlsəfəsi məsələsidir. Əgər məqsəd keyfiyyəti artırmaqdırsa, qiymətləndirmə vacibdir. Lakin qiymətləndirmə peşəkar təcrübəni inkar etməməli, əksinə onu dəyərləndirməlidir. Çünki, təhsil sistemində ən qiymətli resurs binalar, proqramlar və texnologiyalar deyil, müəllimdir. Müəllimin ən böyük sərvəti isə onun diplomu deyil, onilliklər ərzində topladığı təcrübədir. Təcrübəni qiymətləndirməyən təhsil sistemi gələcəyini zəiflətmək riski ilə üzləşir. Həqiqi islahat təcrübəli müəllimi sistemdən uzaqlaşdırmaq deyil, onun təcrübəsini sistemin inkişafına çevirmək bacarığıdır. Amma heç bir pedaqoji təcrübəsi olmayan təhsil menecerləri bunu etməyə qadir deyillər.
Müşviq Tofiqoğlu
KONKRET.az
