Əmək bazarında yeni dövr: Bu peşələrə tələbat azalacaq, bunlara isə artacaqbackend

Əmək bazarında yeni dövr: Bu peşələrə tələbat azalacaq, bunlara isə artacaq

Əmək bazarında dəyişikliklər, texnologiyanın sürətli inkişafı və süni intellektin müxtəlif sahələrə inteqrasiyası yaxın illərdə bir sıra peşələrə tələbatı əhəmiyyətli dərəcədə azalda bilər. Eyni zamanda, bəzi ölkələr əmək bazarının ehtiyaclarına uyğun çevik kadr hazırlığı və xarici işçi qüvvəsindən səmərəli istifadə etməklə məşğulluq problemini minimuma endirməyə çalışırlar.

Bəs Azərbaycan işsizliyin daha da azaldılması üçün hansı ölkələrin təcrübəsindən yararlana bilər? Yaxın gələcəkdə hansı ixtisaslar üzrə məzunların iş tapması çətinləşəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, dünyada heç bir ölkədə yüz faiz məşğulluq təminatı mövcud deyil.

Xarici və yerli təhsil arasındakı əsas fərqlər- Təhsil eksperti Elçin Əfəndi  | tehsil365.news

Ekspertin sözlərinə görə, əksər ölkələrdə müəyyən sayda işsiz vətəndaş olur. Lakin işsiz şəxslərin əmək bazarına daha sürətli inteqrasiyası baxımından yüksək göstəricilərə malik ölkələrin təcrübəsindən yararlanmaq mümkündür.

“ABŞ, Cənubi Koreya, Yaponiya və Avropanın bir sıra ölkələri bu baxımdan nümunə sayıla bilər. Almaniya və Polşa kimi ölkələr əmək bazarında yaranan əlavə işçi qüvvəsinə olan tələbatı müəyyən qədər xaricdən gələn əcnəbi vətəndaşlar hesabına qarşılayırlar.

Düşünürəm ki, Azərbaycan üçün ideal modellərdən biri ABŞ, Cənubi Koreya və Yaponiya təcrübəsidir. Bu ölkələrdə qısa müddətdə əmək bazarının tələblərinə uyğun kadr hazırlamaq və həmin şəxsləri iş həyatına cəlb etmək mexanizmləri mövcuddur. Azərbaycanda da peşə və ali təhsil proqramları əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılmalıdır”, – deyə ekspert vurğulayıb.

Hansı ixtisaslara tələbat artacaq?

Elçin Əfəndi bildirib ki, xüsusilə elektronika, informasiya texnologiyaları, avtomobil sənayesi və digər texniki istiqamətlərdə ixtisaslı kadrlara tələbat daha yüksək olacaq.

Onun sözlərinə görə, əmək bazarında texnologiya ilə əlaqəli peşələrə maraq artacaq. Bu baxımdan kadr hazırlığı zamanı həm mövcud ehtiyaclar, həm də gələcəkdə formalaşacaq peşələr nəzərə alınmalıdır.

Bu ixtisasların məzunları iş tapmaqda çətinlik çəkə bilər

Ekspert yaxın gələcəkdə bəzi ixtisaslar üzrə məzunların iş tapmaqda çətinlik çəkəcəyini də qeyd edib.

Onun sözlərinə görə, əsasən aşağıdakı istiqamətlər üzrə məzunların əmək bazarına çıxışı daha məhdud ola bilər:

– Tərcümə yönümlü ixtisaslar, o cümlədən ingilis və rus dili tərcüməsi;
– Bəzi pedaqoji və iqtisadi ixtisaslar;
– Dizayn;
– Muzey və arxiv işi;
– Abidələrin qorunması;
– Turizm işinin təşkili;
– Sosial iş.

Elçin Əfəndi bildirib ki, bu sahələrdə məzunların iş tapması gələcəkdə daha çətin ola bilər. Bununla belə, konkret ixtisas üzrə məşğulluq imkanları əmək bazarındakı dəyişikliklərdən, mütəxəssisin bacarıqlarından və texnologiyaya uyğunlaşma səviyyəsindən də asılıdır.

Səhiyyə və texniki sahələr ön plana çıxacaq

“Daha çox üstünlük səhiyyə yönümlü ixtisaslara, müəyyən hüquqi və iqtisadi istiqamətlərə veriləcək. İqtisadiyyat, biznesin idarə edilməsi kimi ixtisaslar əmək bazarında öz aktuallığını müəyyən qədər qoruyacaq.

Birinci qrup ixtisaslar arasında isə kimya və informatika yönümlü sahələr üzrə mütəxəssislərin iş imkanları daha geniş ola bilər”, – deyə ekspert vurğulayıb.

Beləliklə, Azərbaycanda işsizliyin minimuma endirilməsi üçün yalnız yeni iş yerlərinin yaradılması deyil, həm də əmək bazarının gələcək tələblərinə uyğun kadr hazırlığı əsas prioritetlərdən biri olmalıdır.

Xüsusilə süni intellekt və avtomatlaşdırmanın təsir göstərəcəyi peşələr üzrə əvvəlcədən tədbirlər görülməsi gələcəkdə işsizliyin artmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*