Əməkdar və Xalq artistləri kənarda qaldı: Hərbi hissələr niyə TikTok müğənnilərinə həvalə olunurbackend

Əməkdar və Xalq artistləri kənarda qaldı: Hərbi hissələr niyə TikTok müğənnilərinə həvalə olunur

Azərbaycanda onlarla Əməkdar artist, Xalq artisti, peşəkar musiqiçi və sənət adamı fəaliyyət göstərdiyi halda, son dövrlər hərbi hissələrdə keçirilən konsert proqramlarına əsasən TikTok platformasında məşhurlaşan ifaçıların dəvət olunması ciddi suallar doğurur.

Ordumuz ölkənin qüruru, əsgərlərimiz isə Vətən uğrunda canından keçməyə hazır olan gənclərdir. Belə olan halda hərbi hissələrdə təşkil edilən mədəni tədbirlərin səviyyəsi və məzmunu xüsusi həssaslıqla seçilməlidir. Lakin görünən mənzərə tamamilə fərqlidir.

Firuzə Ağayeva, Nigar Süleymanova, Şirin Hüseynov, Kəmalə Günəşli, Sevgi və Luna Əliyeva kimi əsasən sosial şəbəkələrdə tanınan şəxslərin hərbi hissələrdə çıxış etməsi ictimaiyyətdə narazılıq yaradıb.

Cəmiyyət haqlı olaraq soruşur: Azərbaycanın sənət tarixində iz qoymuş, dövlət tərəfindən yüksək fəxri adlara layiq görülmüş sənətkarlar varkən seçim niyə TikTok müğənnilərinin üzərinə düşür? Bu seçim hansı meyarlarla edilir? Kim və hansı əsaslarla bu ifaçıları hərbi hissələrə dəvət edir?

Əsgərlərin qarşısında çıxış etmək sıradan bir toy məclisində və ya sosial şəbəkə canlı yayımında görünmək deyil. Bu, dövlətin ən həssas institutlarından biri olan orduda mənəvi tərbiyəyə və vətənpərvərlik ruhunun aşılanmasına xidmət edən məsuliyyətli missiyadır.

Tənqidçilər hesab edirlər ki, son vaxtlar bəzi hərbi hissələrdə təşkil olunan konsertlər peşəkar sənətdən daha çox sosial şəbəkə reytinqi və populyarlıq üzərində qurulur. Bu isə həm milli musiqi ənənələrinə, həm də peşəkar sənət adamlarına hörmətsizlik kimi qiymətləndirilir. Çünki söhbət təkcə bir neçə konsertdən yox, Azərbaycan Ordusunda təqdim olunan mədəniyyət nümunələrinin keyfiyyətindən və seçim prinsiplərindən gedir. Əməkdar və Xalq artistləri kölgədə qalırsa, hərbi hissələrin səhnələri TikTok müğənnilərinə verilirsə, bu vəziyyətin izahı ictimaiyyətə təqdim olunmalıdır.

Vüsal Qarabağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*