Altayda ondan çox qonur ayını güllələyən dövlət müfəttişləri barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə şikayət ünvanlanıb. Heyvanları müdafiə edən fəallar onları qanunsuz olaraq heyvanların öd kisəsini, pəncələrini və başlarını milyonlarla rubla satmaqda ittiham edirlər.
KONKRET.az xəbər verir ki, buna əsas şəbəkədə yayılmış foto və videolar olub. Həmin kadrlarda müfəttişlərin Turoçak rayonunda qonur ayıların “sayının tənzimlənməsi” adı altında hərəkət etdikləri, əllərində silah içki içdikləri əks olunub. Kadrlarda həmçinin başı kəsilmiş və qarnı cırılmış yırtıcıların cəsədləri görünür, iştirakçılardan biri isə söhbət zamanı öd və pəncələrin kəsilib götürülməsini müzakirə edir. “Mir Medvedey” Fondu Baş Prokurorluq və İstintaq Komitəsindən heyvanların güllələnməsinin qanuniliyini yoxlamağı xahiş edib.
Qara bazarda ayının ödə təxminən 2000 dollar, bir dəst pəncə 4000 dollar, başı isə 3000 dollar dəyərində qiymətləndirilir. Brakonyerlər hər bir heyvandan 9 min dollara qədər (təxminən 800 min rubl) qazanc əldə edə bilərlər. Yerli sakinlərin sözlərinə görə, bu cür tədbirlər zamanı təxminən 30 ayı öldürülüb, qanunsuz dövriyyə isə on milyonlarla rublla ölçülə bilər.
Fondun sədri Andrey İvanov izah edib ki, iş başında spirtli içki içməyin özü belə, heyvanların qalıqları üzərindən pul qazanmaq məqsədilə öldürülməsini demirik, yoxlama üçün kifayət qədər səbəbdir. İndi şikayətçilər güllələnmə yerlərinin dəqiq koordinatlarının, öldürülən heyvanların faktiki sayının və bədən hissələrinin sonrakı taleyinin müəyyən edilməsini tələb edirlər.
Bundan əvvəl zooloqlar Rusiyada ayıların kütləvi şəkildə məhv edilməsini dayandırmağa çağırıb, heyvanların populyasiyasının partlayışla artması barədə məlumatların həqiqətə uyğun olmadığını bildiriblər. Onların reproduktiv potensialı yüksək deyil: dişi ayı ildə 1–3 bala doğur, balalar arasında ölüm səviyyəsi isə təxminən 18% təşkil edir.
Natiq Səlim,
KONKRET.az
