Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə BMT Baş Assambleyasında Yaxın Şərqdə atəşkəslə bağlı qətnaməyə səsvermədə bitərəf qalan 45 ölkənin rəhbəri ilə telefon danışığı aparacaq.
KONKRET.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzeti yazır ki, o, Rusiya ilə münaqişədə vaxtilə Ukraynanın tərəfini tutan, lakin Qəzza böhranının həllində neytrallığa sadiq olan ölkələrin tərəfdaşları ilə də danışmaq niyyətindədir.
Noyabrın 11-də Səudiyyə Ərəbistanında keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısından qayıdan Ərdoğan jurnalistlərə bildirib ki, İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün xarici tərəfdaşlarla telefon danışıqlarını intensivləşdirmək niyyətindədir.
Türkiyə lideri qeyd edib ki, 121 ölkənin nümayəndəsi BMT-də Qəzza ilə bağlı qətnaməni dəstəkləyib və bu, İsrailin və onu dəstəkləyən ölkələrin azlıqda qaldığını göstərib. Xatırladaq ki, İordaniyanın təklif etdiyi qətnamənin lehinə Ermənistan da səs verib.
Qəzet yazır ki, qarşıdan gələn telefon diplomatiyası çərçivəsində Ərdoğan diqqəti Afrika ölkələrinə yönəltmək niyyətindədir. Bundan əlavə, o, Albaniya, Avstraliya, Bolqarıstan, Finlandiya, Estoniya və Ukrayna liderləri ilə danışmağı planlaşdırır.