Ermənistan mətbuatı ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosara “hücuma” keçib.
KONKRET.az xəbər verir ki, erməni jurnalistlər “Qara Yanvar”ın 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edən Pol Qosarı Azərbaycana yaltaqlanmaqda ittiham edir. Mediada belə bir fikir xüsusi olaraq səsləndirilir ki, konqresmen Azərbaycanın çaldığı hava ilə oynayır. Təcavüzkar ölkə konqresmenin bəyanatını qəzəblə qarşılayıb.
Qeyd edək ki, respublikası konqresmen yaydığı sənəddə bildirib ki, 1990-cı ilin yanvarında SSRİ rəhbərliyi xalqın azadlıq istəyini yatırmaq üçün Azərbaycana qoşun yeridib:
“Azərbaycan xalqı sovet hökmranlığından azad olmaq uğrunda mübarizədə qətiyyət göstərdi. Azərbaycan xalqının etirazını dinc formada bildirməsinə baxmayaraq, sovet rəhbərliyi buna hərbi işğalla cavab verdi.
Cəza əməliyyatı nəticəsində 147 mülki şəxs öldürüldü, yüzlərlə insan yaralandı və həbs edildi.
Faciəli hadisələrə baxmayaraq, Azərbaycan xalqı sınmadı və onun mübarizəsi 1991-ci ilin payızında Azərbaycanın müstəqillik əldə etməsi ilə nəticələndi.
Müstəqillik elan edildikdən sonra Azərbaycan regionda azadlıq mayakına çevrildi və ABŞ-ın bölgədəki dostu və müttəfiqi oldu,” konqresmen qeyd edib.
Bəyanatda Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ehtiram göstərilir, Konqresin digər üzvləri “Qara Yanvar” qurbanlarının xatirəsini yad etməyə çağırılır və Azərbaycanla müttəfiqlik münasibətləri qeyd olunur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq olub.
Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanaraq həyata keçirilib və şərti adı “Zərbə” olub. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.
Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.
