Ermənistanın böyük auditoriyası olan teleqram kanallarında onlayn sorğular təşkil olunur. Məqsəd Ermənistan cəmiyyətinin siyasi proseslərlə bağlı fikirlərini öyrənməkdir.
Sorğu nəticələrinə görə, respondentlərin hazırkı siyasi hakimiyyətdən narazılığı ifadə olunur, eyni zamanda, Ermənistanın əvvəlki prezidentlərinə də etibar edilmədiyi vurğulanır. Sorğuya cəlb olunanların əksəriyyəti Ermənistanda üçüncü qüvvənin hakimiyyətə gəlməsinə tərəfdar olduqlarını ifadə ediblər.
Bəs Ermənistanda üçüncü qüvvə kimdir, ümumiyyətlə, belə bir güc mərkəzi varmı?
KONKRET.az xəbər verir ki, Ermənistandakı bu müzakirələr xarici ekspertlərin də diqqətindən yayınmayıb.
Ukraynanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolosun fikrincə, adətən çıxılmaz vəziyyətə düşən cəmiyyətlər üçüncü qüvvə axtarışına başlayırlar:
“Keçmiş və indiki siyasətçilərə inamsızlığın yüksək olması böhranın ciddiliyindən xəbər verir. Cəmiyyət yeni yanaşmalara, bəzən də yeni ideyalara ehtiyac duyur. Respondentlər nəzəri cəhətdən bunu mümkün hesab edirlər. Praktikada isə məsələnin həlli bir qədər qəlizləşir. Bundan başqa, orada aydın ifadə edilən heç bir tələb yoxdur. Yalnız narazılıqlar var. Yeni şəxsiyyətlərdən danışırıqsa, onlar mövcud kursa alternativ qrup daxilində formalaşır. Mən hələlik belə siyasətçiləri görmürəm, amma gələcəkdə ictimai müzakirələr aparıldıqca, onlar mütləq ortaya çıxacaqlar”.
Qırğızıstanlı politoloq, Bişkekdəki Dünya Siyasəti İnstitutunun direktoru Şeradil Baktıqulov bildirib ki, sorğuda iştirak edən 26 min respondentin istəyi reallğı əks etdirir:
“Bu rəqəm əhalinin indiki siyasətçilərdən yorulduğunun göstəricisidir. Ermənistanda 2021-ci ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərində seçicilərin təxminən 49%-i və ya 1 milyon 281 min 911 nəfəri iştirak edib. Səs verən seçicilər parlament seçkilərində iştirak edən partiyaların dəstəyini və ya seçki bazasını təşkil edir. Ermənistandakı siyasi proseslərin iştirakçılarının təəccübünə səbəb odur ki, onların sayı bu və ya digər partiyanın tərəfdarlarından çoxdur. Bəziləri seçkinin nəticələri ilə razılaşmayaraq Konstitusiya Məhkəməsinə müraciət etmişdilər. Ermənistan cəmiyyətinin seçkilərdə iştirak etməyən hissəsi seçki prosesinin teatral mahiyyətini anlayır. Anlayırlar ki, indiki siyasi elita Ermənistanın inkişafı üçün yeni vektor təklif etmək iqtidarında deyil. Onlar dəyişiklik, real islahatlar gözləyirlər. Bununların isə heç biri yoxdur”.
Qırğız politoloq hesab edir ki, Ermənistan cəmiyyətində yeni siyasi gündəmə tələbat olsa da, siyasətçilər bunu formalaşdıra bilmirlər: “Bu boşluq daimi siyasi böhrana səbəb ola bilər. Nə daxili siyasi ortam, nə də xarici siyasət gündəmi Ermənistan vətəndaşlarını razı salmır. Əgər Ermənistan təkbaşına siyasət qura bilməsə, o zaman Fransa öz bildiyini edəcək. Eyni zamanda, belə bir siyasətin erməni xalqının maraqlarına cavab verəcəyinə inanmıram”.
Vəli Həsənov,
KONKRET.az
