Ermənistan məhsulları Bakıya gətirilir: Bu məqamlara diqqət edilməlidirbackend

Ermənistan məhsulları Bakıya gətirilir: Bu məqamlara diqqət edilməlidir

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən məhsul və malların qarşılıqlı ticarətinin mümkünlüyü gündəmə gələn əsas məsələlərdəndir. Ermənistan mənşəli məhsulların Azərbaycan bazarında satışa çıxarılması istehlakçıların seçim imkanlarını genişləndirə bilsə də, bunun yerli istehsala, rəqabət mühitinə və qiymətlərə mümkün təsirləri də müzakirə olunur.

Bəs Ermənistan mənşəli məhsullar Azərbaycan bazarına daxil olarsa, istehlakçılar nələrə diqqət etməlidir? Bu proses yerli istehsalçılara necə təsir göstərə bilər?

Mövzunu KONKRET.az-a şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Ermənistan mənşəli bəzi məhsullar, xüsusilə ərzaq və içkilərlə bağlı cəmiyyətdə müəyyən miflər formalaşıb. Onun sözlərinə görə, bu yanaşmalar uzun illər ərzində insanların şüurunda müəyyən iz buraxıb və xüsusilə spirtli içkilər seqmentində özünü göstərir.

Eyyub Hüseynov: “Yaslarda yemək verilməsinə - mədəniyyətsizliyə son  qoyulmalıdır” Pravda.az

Ekspert qeyd edib ki, hətta müharibədən əvvəlki dövrlərdə də Ermənistandan Azərbaycana qaçaqmalçılıq yolu ilə bəzi spirtli içkilərin, o cümlədən konyakların gətirilməsi halları müşahidə olunurdu:

“Deməli, müəyyən tələbat var idi ki, bu məhsullar gətirilirdi. Bu məsələ insanların şüurundan kifayət qədər dağılmayıb. Bu, xüsusilə spirtli içkilər seqmentinə aiddir.

Ermənistan mənşəli məhsulların Azərbaycan bazarında geniş yayılması bəzi hallarda yerli istehsalçılar üçün mənfi nəticələr yarada bilər. Xüsusilə spirtli içkilər bazarında xarici məhsullara marağın artması yerli istehsal mallarına olan tələbatı azalda bilər”.

Bununla yanaşı, Eyyub Hüseynov hesab edir ki, istehlakçıların seçim imkanlarının genişləndirilməsi də vacibdir. Onun sözlərinə görə, burada əsas məsələ bazara daxil olan məhsulların təhlükəsizlik və keyfiyyət standartlarına cavab verməsidir.

Ekspert Azərbaycan istehsalı olan məhsulların da Ermənistan bazarında geniş şəkildə təqdim edilməsinin tərəfdarı olduğunu bildirib:

“Mən qətiyyən razı deyiləm ki, Azərbaycanın pulu Ermənistana getsin. Azərbaycan mallarının Ermənistanda geniş şəbəkəyə salınmasının tam tərəfdarıyam”.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr bərpa olunarsa və Ermənistan qlobal bazarın subyektlərindən birinə çevrilərsə, gələcəkdə Ermənistan mənşəli məhsulların da Azərbaycan bazarında görünməsi mümkündür.

İstehlakçıların diqqət etməli olduğu əsas məsələyə toxunan Eyyub Hüseynov bildirib ki, Ermənistan mənşəli ərzaq məhsullarını satan biznes subyektləri həmin məhsulların qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri istehlakçılara açıq şəkildə təqdim etməlidirlər:

“Ermənistan mallarını Azərbaycanda satan biznes qurumları mütləq Qida Təhlükəsizliyi Agentliyinin verdiyi sənədi geniş nümayiş etdirməlidir. Qida Təhlükəsizliyi Agentliyinin yoxlamasından keçməyən bir malı da almaq olmaz”.

Ekspertin sözlərinə görə, bazarın açılması halında müxtəlif məhsulların Azərbaycana gətirilməsi mümkündür. Lakin istehlakçılar məhsulun yalnız mənşəyinə deyil, onun təhlükəsizlik göstəricilərinə, müvafiq sənədlərinə və satışının qanuni şəkildə həyata keçirilib-keçirilmədiyinə də diqqət etməlidirlər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*