“Üçlük Ermənistan-Qarabağ-Diaspor üçlüyü indi keçmişin mirasıdır!”
KONKRET.az xəbər verir ki, bu barədə “Qolos Armenii” qəzeti yazıb. Qəzet bildirir ki, artıq Ermənistan-Qarabağ-Diaspor üçlüyü keçmişdə qalıb.
“Ermənistan – Qarabağ – Diaspor üçlüyü indi keçmişin mirasıdır! 1999-cu ilin sentyabrında “Ermənistan-Diaspor” I Ümumerməni Konqresinin keçirilməsi milli əməkdaşlığın inkişafında dönüş nöqtəsi oldu. Qurultayın qəbul etdiyi bəyannamədə Ermənistan-Diaspor əlaqələrinin möhkəmləndirilməsi və dərinləşdirilməsi prinsipləri göstərildi. Qurultay Qarabağla bağlı bəyannamələr qəbul etdi.
Aydın oldu ki, üçlük bütün dünya erməniləri üçün əsas birləşdirici amillərə – “soyqırım”ın beynəlxalq səviyyədə tanınmasına və “ikinci Ermənistan respublikası”nın müstəqilliyinə əsaslanır.
“Bir millət – bir mədəniyyət” devizi altında birləşdik. Bu hadisələr bütün dünya ermənilərinin Qərbi Ermənistanda “soyqırım”ın tanınması və Qarabağın müstəqilliyi istiqamətində səylərini birləşdirməyə yönəlmiş hakimiyyətin siyasətinə əsaslanırdı.
2018-ci ilin yazında hakimiyyətin konstitusiyaya zidd olaraq ələ keçirilməsindən sonra digərləri ilə yanaşı, Diasporla İş üzrə Nazirliyi də ləğv edilib. Qarşıdan gələn Ermənistan-Diaspor forumunun təşkilatçılarından hazırda gələn məlumatlar bu əlaqələrin gələcək inkişafı ilə bağlı nikbinlik yaratmır.
44 günlük müharibədən sonra erməni diasporlarının nümayəndələrinin mənfi reaksiyası Paşinyanın xarici səfərlərinin tərkib hissəsinə çevrilib. Bu reaksiyanın nəticəsi erməni diasporlarının ağ-qaraya bölünməsi oldu. Ona görə də qarşıdan gələn qurultaya ancaq rejimin xain siyasətini bölüşənlər gələcək. Ermənistan-Qarabağ-Diaspor üçlüyü pozulub, rejimin Qarabağdan əl çəkməyə yönəlmiş siyasəti bütün dünyada erməniləri konsolidasiya məqsədindən məhrum edib.
Üçlük əsas birləşdirici amilini itirdi. Bundan sonra məlum oldu ki, kapitulyant rejimi “soyqırım”ın beynəlxalq səviyyədə tanınması yolundan asanlıqla imtina edib. Ermənistan – Qarabağ – Diaspor üçlüyü indi keçmişin mirasıdır…!”, – deyə qəzet yazıb.
Xuraman Etibarlı,
KONKRET.az