Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaqbackend

Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq

Ermənistan tarix boyu müstəqil və dayanıqlı dövlətçilik ənənəsi formalaşdıra bilməyib. Müxtəlif dövrlərdə böyük güclərin himayəsinə sığınaraq regional siyasətdə alət rolunu oynayan İrəvan, uzun müddət Rusiyanın geosiyasi dayaqlarından biri kimi çıxış edib. Son illərdə isə bu rol getdikcə Fransanın xeyrinə dəyişir.

Parisin Cənubi Qafqazda artan fəallığı və Ermənistanı siyasi, diplomatik və hərbi baxımdan açıq şəkildə dəstəkləməsi, Fransanın neokolonial siyasətini regiona daşımaq cəhdi kimi qiymətləndirilir. Təsadüfi deyil ki, BMT platformasında Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı hesabatlar, eləcə də Bakı Təşəbbüs Qrupunun bəyanatları Parisin ikili standartlarını və müstəmləkəçi yanaşmasını ifşa edir.

Bu kontekstdə Ermənistanın Fransanın Cənubi Qafqazdakı geosiyasi alətinə çevrilməsi regionda sabitlik və sülh perspektivləri baxımından ciddi narahatlıq doğurur.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransa Prezidenti Emmanuel Makron hələ də Ermənistanla bağlı 2020-ci ildən əvvəlki siyasi gündəliyi bərpa etməyə cəhd göstərir:

“Makron çalışır ki, Ermənistan Fransadan asılı vəziyyətə düşsün və Paris Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlara qarşı öz kolonial siyasətini tətbiq etsin.

Ümumiyyətlə, Ermənistan tarix boyu daim özünə himayədar axtarıb. Yeni yaranmış kvazidövlət olan Ermənistanın köklü dövlətçilik tarixi yoxdur. Onlar erməni dövlətçiliyinin mifik tarixini təbliğ etməyə çalışsalar da, real tarixi faktlar bunun əksini göstərir. Ermənilərin yalnız kilsə ətrafında formalaşmış icmaları olub.

Hazırda Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranıb. Mövcud siyasi-iqtisadi nizamı pozmağa çalışan dövlətlər var. Fransanın yenidən Qarabağ məsələsini gündəmə gətirməyə çalışması da bununla bağlıdır. Halbuki Ermənistan hakimiyyəti rəsmi səviyyədə Qarabağ məsələsindən tamamilə imtina edib”.

Politoloq qeyd edib ki, Fransanın yürütdüyü siyasət, əslində, Ermənistan üçün tələdir və bu ölkənin maraqlarına ziddir:

“Ermənistan uzun illər Rusiyanın forpostu olub. İndi Fransanın forpostuna çevrilməsi İrəvan üçün ciddi strateji səhv olar.

Bu səbəbdən Ermənistan hakimiyyəti sülhü və təhlükəsizlik çətirini yalnız regional əməkdaşlıqda görməlidir. Azərbaycan və Türkiyə ilə normal münasibətlər sistemi qurmalıdır.

Fransa dənizaşırı ərazilərində xalqlara qarşı necə ayrı-seçkilik siyasəti həyata keçirirsə, eyni yanaşmanı Ermənistana münasibətdə də tətbiq edə bilər. Parisin əsas məqsədi regionda Azərbaycan və Türkiyəyə təzyiq göstərmək, eyni zamanda strateji nəqliyyat marşrutlarına nəzarət etməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*