2018-ci il inqilabından sonra, Ermənistan hakimiyyəti daxili qoşunların sərhədə göndərilməsi barədə siyasi qərar qəbul etdi. “Daxili Qoşunlar haqqında” qanuna əsasən ölkə sərhədlərinin müdafiəsində onların iştirakı döyüş tapşırıqlarına daxil olsa da, əvvəlki hakimiyyət orqanları bunu etməyib. Əksinə onlar daxili siyasi məsələləri həll etmək və mitinqləri yatırmaq üçün qoşunlardan yararlanıblar.
KONKRET.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan hər şeyin dəyişəcəyini bildirib. Əlavə edib ki, polis hakimiyyəti qoruyan, daxili siyasi problemləri həll edən orqan deyil, polis ölkəyə və cəmiyyətə xidmət etməlidir. Hətta Paşinyan polislərin birinci dəstəsinin sərhədə qədər təntənəli müşayiət olunması mərasimində şəxsən iştirak edib. 2018-ci ilin sentyabr ayından başlayaraq polis hər 15 gündən bir növbə ilə sərhədi qoruyub.
“Bir neçə ay əvvəl bu qərarın ləğv edildiyini öyrəndik. Müharibədən sonra daxili qoşunların əməkdaşları müəyyən bir vaxt ərzində sərhəddə xidmətlərini davam etdirsələr də, indi onların bu istiqamətdəki fəaliyyəti dayanıb”, – qəzet yazıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
