“Mən çox şadam ki, hərbiçilərimizin peşəkarlığı, döyüş qabiliyyəti ildən ilə artır, ruh yüksəkliyi yüksək səviyyədədir.
Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar”
İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti
Bu günlərdə Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı şəxslərin saxta sənədlərlə hərbi xidmətdən yayındığı, ayrı-ayrı şəxslərin isə hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə yararlı kimi qeydə alınaraq ordu sıralarına göndərilməsi halları ilə bağlı birgə açıqlaması ilə tanış olarkən doğrusu məni dəhşət bürüdü. Görün, ölkəmiz müharibə şəraitində olduğu bir vaxtda bizim bəzi hərbi komissarlıqlar, çağrış komissiyaları və tibbi komissiyalar nə işlə məşğul olublar?! Bir para vəzifəli və imkanlı şəxslərin tir kimi oğullarını “hərbi xidmətə yararsız” adı altında ordu sıralarına getməkdən yayındırmış, fiziki baxımdan heç də tam sağlam olmayan, deməli, hərbi xidmətə yararsız olan bəzi gəncləri isə cəbhəyə yollamışlar. Əlbəttə ki, belə bir çox ciddi saxtakarlığın arxasında nə durduğu heç kəsə sirr deyil. “Kişilər” sözün əsil mənasında bazar açıblarmış. Təbiidir ki, “yararsız” adı ilə əsgəri xidmətdən yayınanlar vəzifəli və imkanlı şəxslərin övladlarıdır. Onların hərbi xidmətdən yayınmasına şərait yaradan isə hərbi komissarlıqlar, çağrış komissiyası və tibbi komissiyalar olub. Bəli, məhz onlar rüşvət və ya tapşırıq müqabilində necə deyərlər, bığıburma oğulların “hərbiyə yararsız” olduğuna dair saxta sənədlərə imza atıblar. Bu cür saxtakarlıq edən məmurlar görmədilərmi ki, ölkə Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanın oğlu çağrış yaşı çatanda hər kəsin gözləri qarşısında Ordu sıralarına yola salındı. O da minlərlə vətənsevər oğullarımızla birlikdə öz əsgəri borcunu şərəflə yerinə yetirdi. Bundan da yaxşı və təsirli nümunə olar?!
Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi dövründə hərbi xidmətdən yayınma halları tüğyan edibdir. Hesab edirik ki, o dövrün fərariləri də heç bir halda məsuliyyət və ictimai qınaqdan kənarda qalmamalıdırlar. Axı, necə oldu ki, Qarabağ müharibəsi dönəmində hərbi xidmətə “yararsız” adı altında gizlənənlər müvəqqəti hərbi xidmətə çağrış yaşları bitəndən sonra birdən-birə tam sağlam oldular?!
Təəccüblüdür ki, saxta yollarla əsgəri xidmətdən, deməli, Vətənə xidmətdən yayınan o şəxslərin xeyli qismi bu gün çox məsul vəzifələrdə “çalışır”. Dövlət orqanlarında, icra strukturlarında, elm, təhsil və digər sahələrdə bu qəbildən olan “fərarilər” azdırmı?! Hesab edirəm ki, belə halların olması çox pis nümunədir. Əcəbdir, ölkə müharibə vəziyyətində olanda, hər kəs Ali Baş Komandanın bir çağrısı ilə dəmir yumruq kimi bir olanda, yaşıdların səngərdə keşik çəkəndə, düşmənin topuna, tankına sinə gərəndə saxta yollarla orduda xidmətdən, Vətəni qorumaqdan yayınasan, sonra da vəzifə başında oturasan, dəbdəbəli villalarda yaşayasan, son modeldən olan bahalı maşınlarda avtoşluq edəsən. Yəni, adamın heç bir abır-həyası olmaz?!
Mən 1976-cı ildə əsgəri xidmətə yollananda 26 yaşım var idi. Rayon qəzetində şöbə müdiri, eyni zamanda da kəndimizdə tarix müəllimi işləyirdim. O vaxt kənd müəllimləri əsgəri xidmətdən azad idi. Kənd müəllimi və qiyabi aspirant olduğumu, habelə ayağımın pəncə hissəsindəki fiziki qüsurlara görə nizami orduya tam hazır olmadığını əsas götürərək İsmayıllı rayonunun hərbi komissarı mayor Cahan Qəniyev və tibbi komissiyanın sədri Hikmət Cəfərov (Allah hər ikisinə rəhmət eləsin) məni hərbi xidmətdən saxlamaqda israrlı idilər. Lakin bütün bu cəhdlərə baxmayaraq, mən israr etdim və hərbi xidmətə yollandım. Ona görə getdim ki, birincisi, bu mənim Vətən qarşısında borcum idi. İkincisi, istəmirdim ki, sabah kimlərinsə yanında gözükölgəli olum. Bir də ona görə getdim ki, mənim orduda olmadığıma görə qohumlarım və yaxınlarım nə vaxtsa tənə və sıxıntı ilə üzləşməsinlər.
Mən və yaşıdlarım Sovet ordusunda xidmət etmişik. İndiki nəsil isə müstəqil Azərbaycan dövlətinin ordusunda xidmət edir. Yəni Azərbaycan Ordusunda xidmət etmək şərəfi və missiyası bizim nəslə nəsib olmadı. Bəli, Azərbaycan Ordusunda xidmət etmək həqiqətən həm qürur, həm də şərəf işidir! 44 günlük müharibə başlayanda yaşından və əvvəllər hərbi xidmətdə olub-olmasından asılı olmayaraq hər kəsin çağrış olmadan belə hərbi komissarlıqlara axışması, cəbhəyə yollanmaq üçün növbəyə durması bunu bir daha təsdiq etmiş oldu.
Təbiidir ki, ömrünün ixtiyar çağlarını yaşayan minlərlə digər vətənsevər insanlar kimi mənim də nə yaşım, nə də fiziki durumum imkan vermirdi ki, o dönəmdə Vətən uğrunda döyüşə yollanmaq təşnəsi ilə hərbi komissarlıqlarda növbəyə duranlar sırasında olum. Əslində mənim ermənilərlə döyüşüm Qarabağ savaşından daha erkən başlamışdı. Tələbə ikən evində kirayədə qaldığım 80 yaşlı Arpenik arvadla demək olar ki, hər gün qırğına çıxırdıq. O, Eçmiədzindən aldığı ifrat millətçi ruhlu jurnalları oxuyaraq bizim tariximizə, mədəniyyətimizə az qala nifrət hissi püskürürdü. Mən də faktlarla, sübutlarla onu necə lazımdırsa, susdururdum. Elə hallar olurdu ki, otaq yoldaşım Yaqub bizi az qala əlbəyaxa döyüşməkdən çətinliklə ayırırdı.
Birinci Qarabağ müharibəsi dönəmində rayon və şəhərlərimizin bir-birinin ardınca işğal altına düşdüyü, hər yanda qan su yerinə axdığı, analar, bacılar, qız-gəlinlər ah-nalə edərək şivən qopardığı o çətin günlərdə işıq üzü görən “Can Azərbaycan” kitabıma daxil etdiyim məqalələrdən bir çoxunu mən də göz yaşları axıda-axıda yazmışdım. 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə isə erməniləri və onların havadarlarını ifşa edən çoxsaylı yazılarım müxtəlif mətbuat orqanlarında və saytlarda tirajlandı. Yeri gəlmişkən həmin yazılardan yalnız bəzilərini yada salmaq istərdim: “Müsəlləh əsgər oldum o gündən mən də”, “Fransa ermənilərə niyə yengəlik edir?!”, “Ermənilərin yalanları, Qərbin planları”, “Erməni vandalizminin həddi-hüdudu yoxmuş”, “Ermənilər nə hava çalır, Fransa ona oynayır: puluna minnət”, “Bayden çox pis yıxıldı”, “İranın dərdi nədir?!”, İranın “Arran“ radiosu ara qarışdırır”, “Lənət şeytana: həm ana, həm də bala şeytana!”, ”Azərbaycana adekvat olmayan münasibət” və s. 44 günlük müharibə Azərbaycanın böyük zəfəri ilə başa çatanda isə ”Bu da mənim Azərbaycanım!” adlı kitabımı bitirdim. Bir sözlə, Vətən qarşısındakı borcumu (əgər buna əsgəri borc, vətəndaşlıq borcu, alim və ya ziyalı borcu demək olarsa) mən də belə icra etmiş oldum və bu gün də o missiyanı sevə-sevə davam etdirməkdəyəm.
Belə bir məşhur deyim var: heç kəs unudulmayıb, heç nə yaddan çıxmayıb. Bəli, ölkəmizin müharibə şəraitində olduğu son dərəcə həssas bir dönəmdə saxta yollarla hərbidən yayınanlar və bu işdə onlara şərait yaradanlar da unudulmayıb. Heç bundan sonra da unudulmayacaqlar. Kimlər unutsa da, müstəqil Azərbaycan dövlətinin artıq kifayət qədər möhkəmlənmiş, oturuşmuş peşəkar hüquq-mühafizə orqanları unutmayacaqlar. Göründüyü kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi artıq bu sahədəki qanun pozuntularının izinə düşüb. Saxta yollarla hərbi xidmətdən yayınmış “papanın gül balaları” da unutmasınlar ki, tərcümeyi-hallarındankı o qara ləkəni – gorbagor Mixail Qorbaçovun qaşqasındakı o bədnam ləkəyə bənzər ləkəni heç vaxt və heç nə ilə təmizləyə bilməyəcəklər.
Yeri gəlmişkən “hərbi xidmətə yararsız” adı ilə xidmətdən yayınanların və səhhətində problem olduğundan hərbi xidmətə yararsız olanların vəziyyəti nəzərə alınmadan ordu sıralarına göndərilənlərin real sayı Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyildiyindən daha çoxdur. Əmin olmaq istərdik ki, aidiyyəti orqanlar müstəqillik illərində saxta yollarla Azərbaycan Ordusunda hərbi xidmətdən yayınanların və buna şərait yaradanların tam siyahısını dəqiqləşdirərək onların əməllərinə adekvat hüquqi qiymət verilməsini təmin edəcəklər.
Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində qeyd olunduğu kimi “Vətəni müdafiə hər bir vətəndaşın borcudur”. Bu yerdə onu da xatırladaq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar (maddə 53). Qoy, hər kəs bilsin ki, Vətənin müdafiəsi məsələsində tərəzinin gözünü əymək olmaz! Çox ədalətli olardı ki, Qarabağ müharibəsi dönəmində saxta yollarla hərbi xidmətdən – Vətəni qorumaqdan yayınan şəxslərin, xüsusilə də bu sıradan olan vəzifəli şəxslərin siyahısı ictimailəşdirilərək cəmiyyətə təqdim olunsun! Hesab edirik ki, bu cür araşdırmalar əgər media platformasında da aparılarsa, çox paxırlar üzə çıxa bilər. Fikrimizcə, cəmiyyətin şəffaflaşması üçün bu da lazımdır. Qoy, hər kəs kimin kim olduğunu bilsin! Yəni, necə olur ki, haradasa, kimlərsə bu və ya digər formada vergidən yayınan kimi çox haqlı olaraq dərhal başının üstünü alaraq müvafiq tədbirlər görülür, amma qos-qoca oğullar dolayı yollarla Azərbaycan Silahlı Qüvvəllərində xidmətdən yayınır və belələrini heç itirib axtaran olmur?!
Doğrusu, mən heç cür anlaya bilmirəm ki, Qarabağ müharibəsi davam etdiyi dönəmdə müxtəlif yollarla ordu sıralarında xidmətdən yayınanlar bu gün Şuşaya, Xocalıya, Xankəndinə, Kəlbəcərə, Hadruta, Laçına, Fizuliyə, Zəngilana və Qubadlıya hansı üzlə gedirlər?! Belələri şəhid ailələri və Qarabağ qaziləri ilə üz-üzə gələndə hansı hisslər keçirirlər?!
Hesab edirəm ki, bu məsələdə cəmiyyət də, xüsusilə həssas olmalıdır. Vaxtı ilə Azərbaycan kəndlərində əsaslı səbəb olmadan hərbi xidmətdə olmayan oğlanlara qız verməzdilər. Bu ənənə indi niyə yaşamasın?! Yaxşı olar ki, gənc qzılarımız özlərinə gələcək həyat yoldaşı seçərkən təkcə varlı, pullu, diplomlu oğlanları deyil, o oğulların həm də əsgəri xidmət keçib-keçmədiyini nəzərə alsınlar.
Heç narahat olmayın Qafar müəllim! Həmin şəxslər (hərbi xidmətdən yayınanlar) ən qaynar bölgəmizdə – Bakı şəhərində yerləşən hərbi hissələrdə xidmət ediblər.