SON DƏQİQƏ: Türkiyə-İsrail müharibəsi başlayacaq?backend

SON DƏQİQƏ: Türkiyə-İsrail müharibəsi başlayacaq?

Yaxın Şərqdə gərginliyin yenidən artması, İran ətrafında baş verən hərbi hadisələr və İsrailin regiondakı fəaliyyətləri Türkiyənin təhlükəsizlik siyasəti ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Ankara son illərdə İsrailin bəzi addımlarını sərt şəkildə tənqid etsə də, hər iki ölkənin regional təsir imkanları və strateji maraqları mümkün qarşıdurma ssenarilərini gündəmə gətirir.
Bəs mövcud geosiyasi şəraitdə Türkiyənin İsraillə birbaşa hərbi qarşıdurmaya və ya müharibəyə qoşulması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, hazırkı geosiyasi şəraitdə Türkiyənin İsraillə birbaşa müharibəyə daxil olması ehtimalı çox aşağıdır. Onun sözlərinə görə, Ankara regionda öz maraqlarını daha çox diplomatik, siyasi və iqtisadi vasitələrlə qorumağa üstünlük verir.

Aydın Tağıyev

“Türkiyə və İsrail arasında fikir ayrılıqları əsasən Fələstin məsələsi, Qəzza zolağındakı vəziyyət və Suriyadakı proseslərlə bağlıdır. Lakin tərəflər arasında birbaşa hərbi qarşıdurma hər iki ölkə üçün ciddi nəticələr vəd etdiyindən belə bir ssenari real görünmür.
Türkiyə NATO üzvü olaraq regional sabitliyin qorunmasında mühüm rol oynayır və hərbi münaqişələrin genişlənməsində maraqlı deyil. Ankara ilə Təl-Əviv arasında rəqabət daha çox diplomatik və geosiyasi müstəvidə davam edəcək.
Türkiyə İsrailin bölgədə həyata keçirdiyi siyasəti sərt şəkildə tənqid etsə də, bunun birbaşa hərbi qarşıdurmaya çevriləcəyini düşünmürəm. Tərəflər arasında müəyyən gərginliklər və dolayı rəqabət mümkündür, lakin açıq müharibə ehtimalı olduqca zəifdir”, – deyə politoloq bildirib.

Ekspert hesab edir ki, yaxın perspektivdə Türkiyə ilə İsrail arasında münasibətlərdə gərginliyin davam etməsi mümkündür, lakin bu prosesin diplomatik kanallar vasitəsilə idarə olunacağı daha real görünür.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*