Yay aylarının gəlişi ilə birlikdə istehlakçıları maraqlandıran əsas məsələlərdən biri də ətin qiymətində mümkün dəyişikliklərdir. Otlaq mövsümünün başlaması, heyvandarlıq məhsullarının artması və bazarda təklifin genişlənməsi qiymətlərin enəcəyinə dair gözləntilər yaratsa da, ekspertlər hesab edir ki, vəziyyət göründüyü qədər sadə deyil.
Bəs yay aylarında ətin qiymətində ciddi ucuzlaşma gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yay aylarında ətin qiymətində müəyyən sabitləşmə və ya qismən ucuzlaşma ehtimalı olsa da, kəskin qiymət enişi gözlənilmir.
Akif Nəsirli
Onun sözlərinə görə, otlaq mövsümünün başlaması və heyvandarlıq məhsullarının artması bazarda təklifin genişlənməsinə səbəb olur:
“Bu, qiymətlərə aşağı istiqamətli təzyiq göstərsə də, bazara təsir edən digər mühüm amillər də var. Yay aylarında infeksion və gənə mənşəli xəstəliklərin yayılma riski artır. Məsələn, 10 baş dana bəsləyən fermerin heyvanlarından biri xəstəlik səbəbindən tələf olarsa, bu, ümumi məhsulun maya dəyərini təxminən 10 faiz artırır. Nəticədə fermerlər qiymətləri aşağı salmaq imkanını itirirlər”.
Ekspert vurğulayıb ki, yem xərcləri ətin maya dəyərinin əsas hissəsini təşkil edir.
“Yem, yanacaq və nəqliyyat xərclərinin yüksək qalması istehsalçıların satış qiymətlərini ciddi şəkildə aşağı salmasına mane olur.
Bu səbəbdən yay mövsümündə bazarda təklif artsa belə, istehsal xərcləri qiymətlərin kəskin ucuzlaşmasının qarşısını alır”, – deyə o, əlavə edib.
Akif Nəsirli qeyd edib ki, bazarda təklif və tələbin balansı da qiymətlərin formalaşmasında həlledici rol oynayır. Təklif tələbi üstələdiyi hallarda qiymətlərdə müəyyən yumşalma müşahidə oluna bilər. Lakin əhalinin istehlak səviyyəsinin yüksək qalması və turizm mövsümü ilə əlaqədar əlavə tələbatın yaranması qiymətlərin aşağı düşməsini məhdudlaşdıracaq.
İqtisadçı idxal faktorunun da bazara təsir göstərdiyini bildirib:
“Xaricdən diri heyvan və ət məhsullarının idxalının artması daxili bazarda təklifi genişləndirərək qiymətlərin sabitləşməsinə kömək edə bilər. Əksinə, idxalın azalması və ya beynəlxalq bazarlarda qiymətlərin yüksəlməsi yerli bazarda da bahalaşma riskini artırır”.
Ekspertin fikrincə, bütün amillər birlikdə qiymətləndirildikdə yay aylarında ətin qiymətində müəyyən yumşalma mümkün olsa da, ciddi və uzunmüddətli ucuzlaşma gözləntiləri real görünmür.
Beləliklə, bazarda təklifin artması qiymətlərə müəyyən təsir göstərsə də, yüksək istehsal xərcləri, xəstəlik riskləri, logistika xərcləri, tələbatın səviyyəsi və idxal şərtləri ətin qiymətinin kəskin ucuzlaşmasına imkan verməyən əsas faktorlar olaraq qalır. Hazırkı şəraitdə daha çox qiymət sabitliyi və məhdud eniş ehtimalı ön plana çıxır.
Müşviq Tofiqoğlu
KONKRET.az
