Azərbaycanda mal ətinin qiymətinin 15 manata qədər bahalaşacağı haqda yerli mediada və sosial şəbəkələrdə yayılan məlumatlar birmənalı qarşılanmayıb. Bəziləri hazırda Məhərrəm və Səfər ayı ilə əlaqədar toyların olmadığını və buna görə də ətə təlabatın aşağı düşdüyünü desələr də, sentyabr ayından vəziyyətin dəyişəcəyini istisna etmirlər. Belə ki, toylar başlayan kimi ətin qiymətinin bahalaşacağı bildirilir.
Mövcud durumda ətin qiymətinin bahalaşması gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, ümumilikdə gedişata baxdıqda gözləntilərin olması normaldır: “İnflyasiyanın özü qədər gözləntisi də təhlükəlidir. Ümumilikdə götürdükdə inflyasiya baş verdikdə, tətikləyici amillər də yaranır. Məsələn, yemin qiyməti qalxır və bu, ətin qiymətinə də təsir edir. Yaxud, digər ərzaq məhsullarının bahalaşması fonunda, ətin qiymətinin də artması normaldır. Çünki digər məhsulların qiymətinin artması ətə olan təlabatı yüksəldir. İqtisadiyyatda tənzimləmə prosesi gedir, yəni hər bir məhsulun digərlərinə olan nisbəti mövcuddur. Bu, ən çox da maya dəyəri ilə bağlıdır. Əgər ətin maya dəyəri artırsa, o zaman təlabat da çoxalır. Təklif isə həmin təlabatı təmin edə bilməyəcəksə, o zaman ətin qiymətinin artması labüddür. Ancaq bunu öncədən gözlənti halına salmaq, cəmiyyət arasında ajiotaj yaratmaq doğru deyil”.

Ekspert əlavə edib ki, qiymətlərin artımı məsələsinə baxılmalıdır. Çünki bəzi hallarda qiymətlər zərurətdən deyil, başqa subyektiv səbəblərdən yüksəlir. Yəni kimsə qiyməti artırırsa, yanındakı da ona baxaraq addım atır: ”Bu məsələlərə yaxın aylarda baxılacağını düşünürəm. Müəyyən monitorinqlərin keçirilməsi mümkündür. Həmin məhsulların maya dəyərinin həqiqətən artıb-artmadığı araşdırmalıdır. İndi yay ayıdır və biznesin aktivliyinin nisbətən aşağı olan dövrüdür. Mən düşünürəm ki, payıza doğru ölkədə müəyyən qiymət monitorinqi aparılacaq və məhsulların qiymətinin artırılmasına hər hansı zərurətin olub-olmaması aydınlaşdırlacaq. Süni qiymət artımının qarşısı alınacaq”.
Elman Sadıqovun sözlərinə görə, ölkədə ətə olan təlabatın ödənilib-ödənilməməsi ilə bağlı müxtəlif fərziyələr var: “İdxalı nəzərə alaraq deyə bilərəm ki, ətə olan təlabatın 75 faizini tam ödəyə bilsək, bu, böyük göstərici sayılacaq. İnfliyasiya elədir ki, qiymət bir dəfə artıqda onun azalma ehtimalı çox aşağı olur. İndiki dövrdə ətin qiymətinin aşağı düşməsi ona görə qeyri-real görünür ki, müvəqqəti enmə, sonradan daha kəskin bahalaşmaya gətirib çıxara bilər. Çünki qiymət aşağı düşdükdə həmin əti istehsal edən fermerlər ziyan görəcək. Biz onların maya dəyərini nəzərə almadan zəhmətlərinin qarşılığını ödəyə bilməsək, vəziyyət daha da pisləşəcək. Məsələn digər ərzaqların qiymətində bahalaşma olsa, lakin ətin qiyməti ucuzlaşsa, bu zaman fermerlər mal-qara saxlamaqdan imtina edəcəklər. 1-2 il sonra isə ölkədə heyvanaların sayında kəskin azalma müşahidə ediləcək. İdxaldan asılılığımız qat-qat çoxaldığı üçün isə qiymətlər kəskin artacaq. Ona görə də hər hansısa məhsulun qiymətinin süni şəkildə azaldılması da düzgün deyil. Bu həmin sahəni məhv etmək deməkdir. Hər bir sahə rentabelliklə işləməlidir ki, inkişaf edə bilsin. Bu cür inkişafdan yayınan sahə məhv olacaq və nəticədə idxaldan aslılıq və qiymətlər iki qat artacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
