Fransa inqilabı zamanı Fransa əhalisinin böyük bir hissəsinin fransız dilində danışmadığını bilirdinizmi?
Burada söhbət sadəcə yerli ləhcədə danışmaqdan, yaxud tələffüzdəki kiçik fərqlərdən getmir. Milyonlarla insan fransız dilini ümumiyyətlə bilmirdi və ya bu dildə normal ünsiyyət qurmaqda çətinlik çəkirdi.
1794-cü ildə abbat Anri Qreqquar Milli Konventə diqqətçəkən başlıq daşıyan bir məruzə təqdim etdi: “Ləhcələrin aradan qaldırılmasının və fransız dilinin ümumiləşdirilməsinin zəruriliyi və vasitələri haqqında”.
Məruzədə göstərilən rəqəmlər olduqca maraqlı idi.
Qreqquarın hesablamalarına görə, təxminən 9 milyon fransız fransız dilini bilmirdi, 6 milyon nəfər isə bu dildə normal söhbət apara bilmirdi. Onun “saf fransız dili” adlandırdığı dildə danışanların sayı isə cəmi 2 milyon nəfərə yaxın idi.
Başqa sözlə, XVIII əsrin sonlarında fransız olmaq hələ fransız dilində danışmaq demək deyildi.
Həmin dövrdə Fransada oksitan, breton, bask, katalan, flamand və müxtəlif regional dil formaları geniş yayılmışdı. Fransız dili isə ölkənin bütün əhalisinin gündəlik ünsiyyət vasitəsinə çevrilməmişdi.
Bu gün fransız dili dünyanın ən geniş beynəlxalq təsirə malik dillərindən biridir. Müxtəlif araşdırmalarda dillərin danışanlarının sayı, coğrafi yayılması və beynəlxalq nüfuzu əsas götürülərək onların qlobal mövqeyi qiymətləndirilir. Bəzi reytinqlərdə fransız dili dünyanın ən güclü dilləri arasında ilk sıralarda göstərilir.
Bəs dünyanın ən qədim və zəngin tarixi ənənələrə malik dillərindən biri olan, 50 milyon insanın danışdığı Azərbaycan dili niyə öz potensialına uyğun mövqedə deyil?
Dil sadəcə ünsiyyət vasitəsi deyil. O, düşüncəni formalaşdırır, mücərrəd anlayışları ifadə edir, insanın dünyanı qavrama tərzinə təsir göstərir. Eyni zamanda xalqın tarixini, dəyərlərini, inanclarını və həyat tərzini özündə yaşadan mədəni irsdir.
Fransanın tarixi təcrübəsi göstərir ki, dilin bugünkü nüfuzu onun əsrlər əvvəl hansı vəziyyətdə olmasından deyil, sonrakı dövrlərdə necə inkişaf etdirilməsindən, təhsil və dövlət siyasətində hansı mövqeyə sahib olmasından, elmdə, mədəniyyətdə və beynəlxalq münasibətlərdə nə dərəcədə istifadə edilməsindən də asılıdır.
XVIII əsrdə əhalisinin əhəmiyyətli hissəsi fransız dilində danışmayan Fransa sonrakı əsrlərdə bu dili dövlət idarəçiliyinin, təhsilin və beynəlxalq diplomatiyanın mühüm vasitələrindən birinə çevirdi.
Bu fakt bizi ciddi düşünməyə vadar etməlidir.
Azərbaycan dili də əsrlərin sınağından keçmiş, zəngin ədəbiyyata, şifahi xalq yaradıcılığına, elmi və mədəni ənənələrə malik dildir. Onun qorunması yalnız dilçilərin, müəllimlərin və ya dövlət qurumlarının işi deyil. Bu, hər birimizin məsuliyyətidir.
Dilimiz ailədə, məktəbdə, mediada, elmdə, texnologiyada və gündəlik ünsiyyətdə yaşamalıdır. Müasir anlayışları ifadə etməli, rəqəmsal dünyada geniş istifadə olunmalı, gənclər üçün cəlbedici və funksional qalmalıdır.
Dilimizi qorumaq yalnız sözləri qorumaq deyil, yaddaşımızı, mədəniyyətimizi və milli kimliyimizi qorumaqdır.
Əgər ana dilimizə biganə yanaşsaq, onu başqa dillərin qarşısında ikinci plana keçirsək, zamanla özümüz də fərqinə varmadan mədəni bağlarımızı zəiflədə bilərik.
Kimliyini qorumaq istəyən xalq öz dilini yaşatmalıdır. Çünki dil xalqın tarixlə gələcək arasında qurduğu ən möhkəm körpülərdən biridir.
Dilini qoruyan xalq öz yaddaşını qoruyur. Yaddaşını qoruyan xalq isə gələcəyini qurmaq imkanını itirmir.
Ağagül Mürsəlov,
KONKRET.az
