Bakıda nəqliyyat sıxlığının azaldılması üçün orta ümumtəhsil məktəblərində dərslərin başlama saatının dəyişdirilməsi təklif olunur. Bəs bu addım tıxac probleminin həllinə nə dərəcədə təsir göstərə bilər və şagirdlərin dərs rejiminə, eləcə də valideynlərin iş qrafikinə necə təsir edəcək?
KONKRET.az bildirir ki, bunu Trend-ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə orta ümumtəhsil məktəblərində dərslərin başlama saatının dəyişdirilməsi problemin həllinə ciddi təsir göstərməyəcək. Çünki səhər saatlarında yaranan tıxaclar təkcə məktəblərlə deyil, valideynlərin uşaqlarını təhsil müəssisələrinə apardıqdan sonra iş yerlərinə yollanması ilə də bağlıdır.
“Dərslərin saat 10:00 və ya 11:00-da başlaması da nəqliyyat sıxlığını tam aradan qaldırmayacaq. Belə ki, valideynlərin əksəriyyəti övladlarını məktəbə özləri aparır, xüsusilə də aşağı sinif şagirdlərinin müstəqil şəkildə məktəbə getməsi hər zaman mümkün olmur. Dərs saatlarının dəyişdirilməsi valideynlərin iş rejimində çətinliklər yarada, onların işə gecikməsinə və gündəlik fəaliyyətlərinin pozulmasına səbəb ola bilər.
Bundan başqa, Bakıda fəaliyyət göstərən məktəblərin böyük hissəsinin iki növbəli olması da nəzərə alınmalıdır. Səhər növbəsinin daha gec başlaması günortadan sonrakı növbənin vaxtını da dəyişəcək. Nəticədə şagirdlər dərslərini axşam saatlarında bitirməli olacaq, bu isə onların ev tapşırıqlarına hazırlaşmasına və istirahətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, nəqliyyat sıxlığı sadəcə başqa saatlara keçə bilər, problem isə olduğu kimi qala bilər.
Düşünürəm ki, problemin həlli üçün məktəblərin və ali təhsil müəssisələrinin yerləşməsi də nəzərdən keçirilməlidir. Xüsusilə şəhərin mərkəzində, əsas magistral yolların və metro stansiyalarının yaxınlığında yerləşən bəzi təhsil müəssisələrinin şəhər kənarına köçürülməsi nəqliyyat yükünün azaldılmasına kömək edə bilər. Məsələn, ali təhsil müəssisələrinin bir hissəsinin Lökbatan və Xırdalan istiqamətlərində yerləşdirilməsi alternativlərdən biri kimi qiymətləndirilə bilər”,- deyə o qeyd edib.
R.Nurəliyev həmçinin vurğulayıb ki, daha vacib addım məktəbli avtobuslarının fəaliyyətinin təkmilləşdirilməsi və müntəzəm təşkilidir. Bu nəqliyyat vasitələrindən daha geniş istifadə valideynlərin şəxsi avtomobillərlə məktəblərə üz tutmasının müəyyən qədər qarşısını ala və səhər saatlarında yollardakı yükü azalda bilər.
“Nəzərə almaq lazımdır ki, şənbə günləri məktəblərdə dərs olmadığı halda da şəhərdə nəqliyyat sıxlığı müşahidə edilir. Bu da problemin yalnız ümumtəhsil məktəbləri ilə bağlı olmadığını göstərir. Universitetlərdə təhsil alan tələbələrin hərəkəti də şəhərin mərkəzi küçələrində və metro stansiyalarının ətrafında əlavə sıxlıq yaradır.
Bu səbəbdən hesab edirəm ki, dərslərin başlama saatının dəyişdirilməsi tıxac probleminin əsas həlli kimi nəzərdən keçirilməməlidir. Təhsil müəssisələrinin yerləşməsi, məktəbli avtobuslarının təşkili və ümumilikdə şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görülməsi daha məqsədəuyğun yanaşma ola bilər”,- deyə ekspert əlavə edib.
