Fransa mediası – Alən Rumestand: “Ermənistan-Azərbaycan münaqişəsi: anlamaq üçün bütün fikirlər təhlil edilməlidir”backend

Fransa mediası - Alən Rumestand: "Ermənistan-Azərbaycan münaqişəsi: anlamaq üçün bütün fikirlər təhlil edilməlidir"

Tarixçilər və jurnalistlər peşə deontologiyasına riayət edərək, bəzən qavranılması çətin olan reallıqlara yaxın olmaq üçün hər iki tərəfə dair oxşar tədqiqatlar aparmalı, tarixi həqiqətləri olduğu kimi əks etdirməlidirlər.

Digər münaqişələrdə olduğu kimi, Azərbaycanla Ermənistan qarşı-qarşıya qoymuş Dağlıq Qarabağ problemilə bağlı da maksimum obyektivlik nümayiş etdirilməlidir. Lakin bu məsələdə Ermənistanın vəziyyətinin təhlili üçün mətbuatda sistemli məlumatlar yayılırsa, Azərbaycanla bağlı məlumat çatışmazlığı görürük.

Azərbaycan 1992-1993-cü illərdə baş vermiş müharibə ərazisinin beşdə birini – Dağlıq Qarabağ və ətraf 7 rayonu itirib. Nəhayət 2020-ci il sentyabrın sonunda özünümüdafiə hüququna istinad edərək hərbi əməliyyatlara başlamış Bakı illər əvvəl elan olunmuş atəşkəsə baxmayaraq, Ermənistanın münaqişə bölgəsindəki mövqelərinə əks-hücuma start verir.

Lakin bundan az sonra Azərbaycanın ikinci böyük şəhəri olan, üstəlik münaqişə zonasından – Qarabağdan uzaqda yerləşən Gəncə şəhərinə Ermənistanın Vardenis rayonundan raket zərbələri endirilib. Bu azmış kimi, onun münaqişə bölgəsindən uzaqda yerləşən daha bir şəhəri, 100 min nəfər əhalisi olan Mingəçevir və digər yaşayış məntəqələrinə də zərbələr endirilib, nəticədə ciddi dağıntılar qeydə alınıb.

Azərbaycanda hesab edirlər ki, burada Yerevanın məqsədi Bakının cavab olaraq Ermənistan ərazisinə müdaxilə etməsinə nail olmaqdır. Çünki bu halda Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində münaqişəyə cəlb oluna bilər.

Vəziyyəti daha yaxşı anlamaq üçün tarixə müraciət edək.

Qədim və müasir tarix

Azərbaycanlılar Qarabağın minilliklərdən bəri onların tarixi ərazisi olduğunu deyirlər. Orta əsrlərdə də o, Azərbaycandakı feodal dövlətlərin ayrılmaz hissəsi olub. XIII əsrdə Qarabağ torpaqları paytaxtı Təbriz şəhəri olan Azərbaycan dövlətinin tərkibində yer alıb, XVIII əsrdə isə Azərbaycanın Qarabağ bölgəsində kiçik bəylik, xanlıq mövcud olub.

Çağdaş tarix

1805-ci ildə Qarabağ Rusiya imperiyasının qoşunları tərəfindən işğal edilib. Bunun ardınca Rusiya imperiyası İran və Türkiyədən gələn erməniləri Qarabağda yerləşdirməyə başlayıb. İmperiyanın süqutundan sonra – 1918-ci ildə bölgədə dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Yeri gəlmişkən, o, müsəlman Şərqində qadınlara seçib-seçilmək hüququ vermiş ilk ölkədir. Lakin cəmi 2 il sonra AXC “Qırmızı ordu” tərəfindən işğal olunub və Azərbaycan SSRİ-nin tərkibinə qatılıb.

Yaxın tarix

Nəhayət, 1991-ci ildə SSRİ-nin süqutundan sonra Ermənistan kimi, Azərbaycan da Sovet Sosialist Respublikası statusunda imtina edərək müstəqillik qazanıb. Bu zaman sözügedən iki ölkə arasında 170 min əhalisi olan (60%-i erməni, 26%-i azərbaycanlı, həmçinin ruslar, kürdlə, yəhudilər) Qarabağda münaqişə başlayıb. Nəticədə Qarabağdakı erməni separatçıları bölgənin azərbaycanlı əhalisini oradan qovub və bölgəni müstəqil elan edib. Amma bu qərar indiyədək BMT-nin heç bir ölkəsi tərəfindən tanınmayıb.

Bu gün Bakı üçün əsas BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnamədir. Həmin sənədlərdə Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli ATƏT-in Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk qrupuna həvalə edilib. Lakin Azərbaycan 30 ilə yaxındır münaqişənin həllini gözləyir.

2016-cı ildə tərəflər arasında “dördgünlük müharibə” adı ilə tanınan hərbi toqquşmalar baş vermişdi. Lakin 2020-ci ilin iyulunda Ermənistanın problemin həlli üçün yeni milli təhlükəsizlik strategiyası müəyyənləşdirdiyi ortaya çıxıb.

Hazırkı dinamika

Bir sözlə, Azərbaycan münaqişənin hələ də həll olunmamış qalmasından əziyyət çəkir.

Yeri gəlmişkən, Azərbaycanla Fransa arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycanda böyük fransız icması da var. Son illər ərzində bu ölkə yalnız neft-qaz sahəsində deyil, eyni zamanda xidmətlər, kənd təsərrüfatı, logistika və turizm sahələrində də böyük inkişaf yolu keçib.

Rusiya və İran kimi böyük güclərin arasında yerləşən Azərbaycan Avropa İttifaqı ilə xüsusi münasibətlərə malikdir. O, Şərqlə Qərb arasında dialoq platforması rolunu oynayır. Həyata keçirdiyi neft-qaz layihələri, qurduğu geniş iqtisadi əlaqələr Azərbaycanı mühüm geosiyasi oyunçuya çevirib.

Baltikyanı ölkələrdən Orta Şərqə uzanan dəmir yolu, Çindən, Orta Asiya, Qafqaz və Avropadan keçən İpək Yolu artıq xəyal deyil və Azərbaycan onların tərkib hissəsidir.

Bu gün Qoşulmama Hərəkatına sədrlik edən Bakı eyni zamanda, NATO-nun da tərəfdaşıdır. Bununla yanaşı, o, Hindistan, Pakistan, Orta Şərq ölkələri və İsraillə münasibətlərini inkişaf etdirir.

Türkiyə

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da üzvüdür və onun Türkiyə ilə xüsusi münasibətləri var. Bəlkə də buna görədir ki, Türkiyənin hazırda Qarabağda gedən döyüşlərdə hərbi iştirakına dair ittihamlar səsləndirilir. Halbuki, bununla bağlı heç bir sübut yoxdur. Əslində, Türkiyə bu münaqişəyə heç bir şəkildə hərbi müdaxilə etmir. Onun guya bölgəyə suriyalı cihadçılar göndərdiyinə dair ittihamları da heç bir mənbə təsdiqləmir.

Məsələ ondadır ki, bu gün Azərbaycan Ordusunun xaricdən hər hansı köməyə ehtiyacı yoxdur. Sadəcə o, döyüşlərdə İsrail, Türkiyə kimi dövlətlərdən aldığı pilotsuz uçuş aparatlarından istifadə edir.

Başqa sözlə, Azərbaycanla Türkiyənin yaxınlığı ittihamların əksinə olaraq, Ərdoğan hökumətilə bağlı deyil. Onları mədəni mənsubiyyət, ümumi dil, tarixi əlaqələr birləşdirir. Üstəlik, bu amil Azərbaycanın dini fundamentalizmdən qorunmasına imkan verən çoxkonfessiyalı və multietnik xarakterinə heç bir xələl gətirmir. Azərbaycanda şiə və sünni müsəlmanlar, xristianlar, pravoslavlar və yəhudilər çiyin-çiyinə, birgə yaşayır. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi heç bir halda müsəlman-xristian qarşıdurması deyil.

Bu gün kifayət qədər çox sayda etnik azərbaycanlının yaşadığı İran İslam Respublikası Ermənistanı dəstəkləyir.

Gələcək

Bütün bunlarla yanaşı, Bakı problemin regional xarakter almasını, genişlənməsini istəmir. O, məsələnin sülh yolu ilə həll edilə biləcəyinə hələ də ümid edir. Azərbaycanda hesab edirlər ki, bununçün problemin mərhələli həllini nəzərdə tutan danışıqlar prosesinə başlanmalıdır. Həmin plana əsasən, ilk mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar işğaldan azad ediməli, oradan məcburi köçkün düşmüş təxminən bir milyon azərbaycanlı doğma torpaqlarına qaytarılmalıdır. Sonda Qarabağın statusu müəyyənləşdirilməlidir ki, bunadək görülməli olan çox iş var. Lakin heç bir halda bölgənin müstəqilliyi müzakirə mövzusu olmamalıdır.

Həqiqətən, Dağlıq Qarabağı beynəlxalq hüquq da Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu səbəbdən əsas məsələ Bakının ermənilərə nə təklif edəcəyidir. Bakıda hesab edirdilər ki, yüksək muxtariyyət məsələsi yalnız bir şərtlə nəzərdən keçirilə bilər: bölgə Azərbaycanın tərkibində qalmalıdır. Onların fikrincə, bölgədə ermənilərlə azərbaycanlılar birgə yaşaya bilər. Lakin Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması mümkün deyil.

Müəllif: Alən Rumestand

Mənbə: AgoraVox

Fransız dilindən tərcümə – WorldMedia

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*