Gənclər gələcəyə inamını itirir – Əmək bazarındakı qeyri-müəyyənliyin PSİXOLOJİ TƏSİRLƏRİbackend

Gənclər gələcəyə inamını itirir – Əmək bazarındakı qeyri-müəyyənliyin PSİXOLOJİ TƏSİRLƏRİ

Gənclərin əmək bazarında özlərinə uyğun iş tapmaqda çətinlik çəkməsi yalnız maddi problemlərlə məhdudlaşmır. Uzun müddət işsiz qalmaq, ixtisasa uyğun fəaliyyət göstərə bilməmək və əməyin qarşılığında yetərli gəlir əldə etməmək onların psixoloji və sosial vəziyyətinə də ciddi təsir göstərə bilər. Belə vəziyyət gənclərdə özünəinamın azalmasına, motivasiyanın zəifləməsinə və gələcəklə bağlı narahatlığın artmasına səbəb olur.

Bəs əmək bazarındakı qeyri-müəyyənlik gənclərin gələcəyə baxışını nə dərəcədə dəyişir? İşsizlik və peşəkar istiqamətdə yaranan çətinliklər onların özlərini cəmiyyətdə necə qiymətləndirməsinə təsir göstərə bilərmi?

Loqoped Leman Kazimova - YouTube

 

Mövzu ilə bağlı psixoloq-loqoped Ləman Kazımova KONKRET.az-a açıqlamasında bildirib ki, gənclər arasında gələcəyə inamsızlığın əsas səbəblərindən biri əmək bazarında öz yerlərini tapmaqda yaşadıqları çətinliklərdir.

“Bu vəziyyət yalnız maddi çətinliklərlə məhdudlaşmır. İşsizlik və peşəkar qeyri-müəyyənlik gəncin emosional vəziyyətinə, sosial münasibətlərinə və özünü cəmiyyətdə necə gördüyünə də təsir edir. Xüsusilə gənclərin özlərini həmyaşıdları ilə müqayisə etməsi bu hissləri daha da gücləndirə bilər”, – deyə psixoloq bildirib.

Onun sözlərinə görə, gənclərə yalnız işlə təminat baxımından deyil, psixoloji dəstək istiqamətində də yanaşmaq vacibdir. Gənclərin öz bacarıqlarını tanımasına, onları inkişaf etdirməsinə və qarşılarına qoyduqları məqsədlərə mərhələli şəkildə çatmasına şərait yaradılmalıdır.

Ləman Kazımovanın fikrincə, gəncin gələcəyə inamı yalnız iş sahibi olması ilə müəyyənləşmir. Burada onun özünü cəmiyyət üçün dəyərli və faydalı hiss etməsi də mühüm rol oynayır. Əmək bazarında özünə yer tapa bilməyən gəncin sosial çevrədən uzaqlaşması və öz potensialına şübhə ilə yanaşması zamanla daha ciddi psixoloji problemlərə yol aça bilər.

Bu baxımdan, gənclərin məşğulluğunun təmin edilməsi ilə yanaşı, onların peşə seçiminə düzgün istiqamətləndirilməsi, əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsi və psixoloji baxımdan dəstəklənməsi də vacibdir.

Beləliklə, gənclərin əmək bazarında üzləşdiyi problemlər yalnız iqtisadi məsələ deyil. Bu problemlər eyni zamanda onların özünəinamına, psixoloji dayanıqlığına və cəmiyyətə inteqrasiyasına təsir edən mühüm sosial çağırışdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*