İsrail kəşfiyyatının 8200 saylı hərbi qurumunun gizli komandiri internetdə edilən səhvlə ifşa edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən mühüm və mübahisəli kəşfiyyat qurumlarına ev sahibliyi edən İsraildə kritik hərbi vəzifələri yerinə yetirən və 20 ildir kimliyi sirr olaraq saxlanılan komandirin Yossi Sariel olduğu ortaya çıxıb.
Britaniyanın “Guardian” qəzeti yazır ki, Sarielin şəxsiyyəti onun hərbi missiyalarda süni intellektin rolundan bəhs edən “The Human Machine Team” kitabında məlum olub. Belə ki, Amazon satış səhifəsində dərc olunan elektron poçt ünvanı vasitəsilə Sarielin kimliyi bəlli olub.
E-poçt linkində məxfi agentin hesabında xəritələr və təqvimlər də əks olunub.
İsrail ordusu səhvini etiraf edib və təhlükəsizlik pozuntusu ilə bağlı araşdırmalara başlanılacağını açıqlayıb.
İsrail ordusunun süni intellekt və kibertəhlükəsizlik əməliyyatlarına cavabdeh olan şəxsin kimliyinin belə sadə bir səhvlə üzə çıxması kəşfiyyatla bağlı müzakirələri sürətləndirib.
İsrail ordusunun Qəzzada fələstinliləri hədəf alarkən süni intellektdən istifadə etməsi xəbəri də mübahisələr yaradıb.
Günel Mikayılova,
KONKRET.az
