Gündəmdə Xətai rayonu olmalıykən… – Şah Xətainin müzakirəsi absurd və xətalıdırbackend

Gündəmdə Xətai rayonu olmalıykən... – Şah Xətainin müzakirəsi absurd və xətalıdır

Bir çox politoloqlar bəzən “stəkanda fırtına” deyə bir termindən istifadə edir, bu ifadəni boş şeydən ötrü böyük tozanaq qoparanlara münasibətdə işlədirlər.

Fazil Mustafanən orta əsrlər padşahı Şah İsmayıl Xətainin ünvanına söylədiyi mübahisəli fikirlər və ona cavab verənlərin artması çoxlarının yadına “stəkanda fırtına” terminini salır.

Ortada elə bir ciddi tarixi-siyasi problem yoxdur, Şah İsmayıl Xətai 500 il əvvəl, orta əsrlərdə yaşamış bir tarixi şəxsiyyət, hökmdar və şairdir. Onun günümüzdə mühakimə edilməsinin heç bir əhəmiyyətə malik deyil. Biz onun 500 il əvvəlki fəaliyyətinə nə hüquqi, nə siyasi qiymət verə bilərik. Çox gecdir.

Amma bu məsələni zorla Azərbaycan mediasının gündəminə oturdublar. Tanınmış tarixçilər, siyasətçilər, hətta iqtisadçılar bu məsələyə dair fikir bildirməyi öz borcları bilir, Xətaini müdafiə edir, deputat Fazil Mustafanın ünvanına ittihamlar yağdırırlar.

F.Mustafanın etdiyi qəbahətdirsə, o ziyalıların etdiyi də qəbahətdir. Çünki aktual olmayan bir məsələni dayanmadan müzakirə edir, fikir bildirir, başqa sözlə, “stəkanda yaradılmış fırtına”nın səngiməsinə imkan vermirlər.

Siyasi arenda bir xeyli adam əmindir ki, bu kimi “stəkan fırtınaları” süni surətdə, sifarişlə yaradılır. Əvvəlcə bir tanınmış şəxsə məşhur tarixi şəxsiyyətlərdən birinə “sataşmaq” əmri verilir, sonra başqalarına ona cavab vermək göstərişi gəlir. Mediadan bu mənasız polemikanı gündəmdə saxlamaq və şişirtmək tələb (xahiş) olunur və heç bir aktuallığı olmayan dəyərsiz mübahisə sürüb gedir.

Deyilənə görə, bu işlərlə məşğul olan xüsusi texnoloqlar qrupu var və onlar əhalinin hansı məsələlərə və tarixi şəxsiyyətlərə münasibətdə həssas olduğunu əla bilirlər. İctimaiyyət üçün daima qızğın mübahisə predmeti olan məsələ və tarixi şəxsiyyətlər təxminən aşağıdakılardır: Klassik şair-yazıçıların yaradıcılığı; Səməd Vurğunun personası, onun sovet dövründəki həyat və yaradıclığı; Rəsulzadənin həyatı və mübarizəsi; Əbülfəz Elçibəyin prezidentliyi, qərarları, vərdişləri; Məcburi köçkünlərin durumu, imtiyazları, tələbləri və sair və ilaxır.

Qəzet-sayt oxucuları, sosial şəbəkə fəalları bu və digər mövzularda həmişə iki, üç qrupa bölünür və günlərlə mübahisə edirlər. Hər şey yaddan çıxır.

Bu kimi addımlar ictimaiyyət arasında “gündəm dəyişdirmə cəhdi” adlandırılır. Nə vaxt ölkədə hansısa xoşagəlməz bir hadisə baş verirsə, o zaman “Xətai məsələsi” kimi bir məsələ ortaya atılır və bir xeyli adam bu barədə mübahisə edənlərin tamaşasına yığılır.

Xətai rayonunun sosial-iqtisadi problemlərini, küçə və yollarının durumunu müzakirə etmək yerinə 500 il əvvəlki ideoloji baxışlarını, hökmranlıq üsullarını müzakirə etmək həm absurddur, həm də xətalı işdir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*