Müğənni Haluk Leventin qardaşı Berkant Acilin Şilə Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində polisə verdiyi ifadə üzə çıxıb.
KONKRET.az xəbər verir ki, saxlanılan Berkant Acil 35-ci Beynəlxalq Şilə Bezi Mədəniyyət və İncəsənət Festivalının təşkili, “Sur Müzik” şirkəti ilə əməkdaşlıq və maliyyə əməliyyatları ilə bağlı sualları cavablandırıb.
O bildirib ki, rəhbərlik etdiyi “Koşan Adam” şirkətinin tenderlərdə iştirak etmək səlahiyyəti olmayıb və yalnız sənətçi təşkilatçılığı ilə məşğul olub.
“Şilə Bezi Festivalının tenderini “Sur Müzik” qazanmışdı. Biz yalnız sənətçilərin proqramını təşkil etmişik. Ödənişlərin və tender prosesinin heç bir mərhələsində iştirak etməmişik, heç bir sənətçiyə pul ödəməmişik” deyə, Berkant Acil ifadəsində bildirib.
O, həmçinin şirkət hesabına köçürülən 1,5 milyon dollarla bağlı da danışıb:
“Bu pulun haradan gəldiyini bilmirəm. Qardaşım Haluk Levent həmin məbləğin bir gün şirkətin hesabında saxlanılmasını, daha sonra isə Yeliz Kayanın hesabına köçürülməsini istədi. Mən də onun istəyinə uyğun olaraq pulu göndərdim. Sonrakı taleyi barədə məlumatım yoxdur”.
Berkant Acil ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini vurğulayaraq, Yeliz Kaya ilə apardığı bütün danışıqların Haluk Leventə verilən çeklərlə bağlı olduğunu iddia edib./Axşam.az
