Tailandda həkimlər səhvən diri qadını ölü elan ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Qeyd olunub ki, qohumları cəsədi dəfn üçün hazırlayan zaman qadında həyat əlamətləri görüblər.
Söhbət qaraciyər xərçənginə görə xəstəxanaya yerləşdirilən 49 yaşlı Çataporn Srifonladan gedir.
Həkimlər bildirib ki, qadının sağ qalma şansı yoxdur. Daha sonra qadının qızı Mali həyatının son günlərini sevdiklərinin yanında keçirə bilmək üçün anasını evinə aparmaq qərarına gəlib.
Məlumata görə, iyunun 29-da həkimlər Çatapornun xəstəxanadan evə aparılan zaman yolda öldüyünü qeyd ediblər. Mali yaxınlarına zəng edərək anasının ölümü barədə məlumat verib və onlardan məbəddə vida mərasiminə hazırlaşmağı xahiş edib.
Məbədə aparılan qadın mərasim zamanı dirilib. Bundan sonra o, tibb müəssisəsinə yerləşdirilib.
İqbal Rzayev,
KONKRET.az
