ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirliklərinin uzun müddətdir daimi səfirsiz fəaliyyət göstərməsi Vaşinqtonun Cənubi Qafqaz siyasəti ətrafında müzakirələri yenidən gündəmə gətirib. Regionda geosiyasi proseslərin sürətlə dəyişdiyi, böyük güclər arasında rəqabətin dərinləşdiyi bir vaxtda bu gecikmənin təsadüfi olmadığı bildirilir.
Bəs ABŞ-nin Cənubi Qafqaz ölkələrinə hələ də daimi səfir təyin etməməsinin arxasında hansı siyasi və strateji səbəblər dayanır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-nin Cənubi Qafqaz ölkələrinə hələ də daimi səfir təyin etməməsi Vaşinqtonun bölgədəki fəaliyyətinə ciddi maneə yaratmır.

Onun sözlərinə görə, səfirlərin səlahiyyətlərini hazırda ABŞ-nin həmin ölkələrdə fəaliyyət göstərən digər diplomatları icra edir və diplomatik missiyalar normal şəkildə fəaliyyətini davam etdirir.
Politoloq hesab edir ki, səfir təyinatlarının gecikməsi daha çox regiondakı qeyri-müəyyən geosiyasi vəziyyətlə əlaqədardır:
“Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələ də tam aydın deyil. Xüsusilə Ermənistanda baş verən hadisələrin gələcək inkişafı ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Baş nazir Nikol Paşinyan hakimiyyəti ilə Kremlin münasibətlərində qarşıdurma davam edir. Ola bilər ki, Vaşinqton həm Ermənistandakı daxili proseslərin, həm də bütövlükdə Cənubi Qafqazdakı geosiyasi vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini gözləyir”.
Ekspertin fikrincə, ABŞ Rusiyanın regionla bağlı siyasətinin nəticələrini də diqqətlə izləyir və yalnız ümumi mənzərə daha da dəqiqləşdikdən sonra yeni səfir təyinatları ilə bağlı qərar verəcək.
Elçin Xalidbəyli vurğulayıb ki, situasiya aydınlaşdıqdan sonra Vaşinqton bölgədə yaranacaq yeni reallıqlara uyğun təcrübəyə və ixtisasa malik diplomatları səfir vəzifəsinə göndərməyə üstünlük verə bilər.
Politoloq hesab edir ki, mövcud vəziyyət ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına ciddi zərbə vurmur:
“Hazırkı mərhələdə səfirlərin olmaması ABŞ-nin regiondakı fəaliyyətinə ciddi problem yaratmır. Böyük ehtimalla Ağ Ev Cənubi Qafqazla bağlı strateji maraqlarını həyata keçirməkdə israrlı mövqeyini qoruyacaq və münasib vaxtda bölgənin yeni geosiyasi şərtlərinə uyğun diplomatların təyinatı həyata keçiriləcək.”
Aynurə İsmayıl
KONKRET.az
