Bakının tanınmış təhsil ocaqlarından olan İdrak Liseyində baş verən silahlı insident ölkədə rezonans doğurub. 10-cu sinif şagirdinin öz müəlliminə atəş açması xəbəri yayıldıqdan dərhal sonra valideynlər məktəb binasına axın edib. Onların arasında tanınmış simalar da olub.
KONKRET.az xəbər Əməkdar artist Aqşin Abdullayev hadisə vaxtı övladının məktəbdə olduğunu bildirib. Sənətçi dərhal liseyə yollanaraq uşağının vəziyyəti ilə maraqlanıb. Jurnalistlərlə ayaqüstü söhbətində o, məktəbin daxilində hazırda polislərin olduğunu və ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edib.
Aqşin Abdullayev digər valideynləri sakitləşdirməyə çalışaraq, məktəb rəhbərliyinin hər şeyin nəzarət altında olduğunu bildirdiyini deyib: “Uşağımı götürməyə gəlmişəm. Beşinci sinifdə oxuyur. Məktəbdə deyirlər ki, ciddi bir problem yoxdur, hər kəs salamatdır. Valideynlər narahat olmasınlar, uşaqların təhlükəsizliyi təmin edilib”.
Xatırladaq ki, rəsmi məlumatlara görə, hadisəni törədən yuxarı sinif şagirdi evdən gətirdiyi odlu silahla 29 yaşlı müəlliminə xəsarət yetirib. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
(demokrat.az)
