Hər gün bu çayı içənləri gizli təhlükə gözləyir: Mütəxəssislərdən təcili xəbərdarlıqbackend

Hər gün bu çayı içənləri gizli təhlükə gözləyir: Mütəxəssislərdən təcili xəbərdarlıq

Sosial şəbəkələrdə sürətlə populyarlaşan matça çayının orqanizmdə dəmirin mənimsənilməsini azaltdığı barədə iddialar mütəxəssislər tərəfindən qiymətləndirilib.

KONKRET.az xəbər verir ki, türk mediasının yazdığına görə, gündə bir fincan matça əksər insanlar üçün ciddi risk yaratmasa da, veganlar və qanazlığından (anemiyadan) əziyyət çəkən şəxslər ehtiyatlı olmalıdırlar.

Eramızdan əvvəl təxminən 2700-cü illərdə Çində istifadə olunmağa başlandığı hesab edilən matça kölgədə yetişdirilən yaşıl çay yarpaqlarının xırda toz halına salınması ilə hazırlanır. Yay mövsümünün ən populyar içkilərindən birinə çevrilən matça ilə bağlı son vaxtlar onun orqanizmdə dəmirin mənimsənilməsinə mənfi təsir göstərə biləcəyi barədə narahatlıqlar artıb.

Matça hazırlanarkən toz halına salınmış yarpaqlar birbaşa su və ya südlə qarışdırılır. Buna görə də adi dəmlənmiş çaydan fərqli olaraq, çay yarpağının hamısı qəbul edilir və orqanizm daha çox antioksidant və digər bitki mənşəli maddələr alır. Mütəxəssis Nikola Ludlam-Raine bildirir ki, matça həqiqətən də dəmirin sorulmasını azalda bilər.

Bunun əsas səbəbi matçanın tərkibində yüksək miqdarda olan taninlərdir. Taninlər ispanaq, lobya və mərcimək kimi bitki mənşəli qidalarda olan “hem olmayan dəmir”lə birləşərək orqanizmin onu mənimsəməsini çətinləşdirir. Matça bütöv çay yarpaqlarından hazırlandığı üçün onun tərkibindəki tanin konsentrasiyası adi çay və ya qəhvədən daha yüksəkdir və buna görə də dəmirin sorulmasına daha güclü təsir göstərə bilər.

Qəhvə, qırmızı şərab və tünd şokoladda da rast gəlinən taninlər bağırsaqda sanki maqnit kimi davranaraq dəmiri özünə bağlayır və onun sorulmasını azaldır.

Ludlam-Raine vurğulayır ki, gündə cəmi bir fincan matça içmək əksər sağlam insanlar üçün ciddi problem yaratmır. Dietoloq Sonal Jenkins isə balanslı qidalanan insanların gündəlik qəbul etdikləri dəmir miqdarının matçanın bu təsirini kompensasiya etdiyini bildirir.

Mütəxəssislər xüsusilə iki qrupa diqqətli olmağı tövsiyə edirlər:

Dəmiri əsasən bitki mənşəli qidalardan alan vegan və vegeterianlar;

Anemiya diaqnozu qoyulmuş və ya orqanizmində dəmir çatışmazlığı olan şəxslər.

Bu insanlar matchanı tez-tez və çox miqdarda qəbul etdikdə zamanla dəmir ehtiyatlarının azalması riski ilə üzləşə bilərlər. Buna görə də matchanı əsas yeməklərlə eyni vaxtda deyil, yeməkdən bir qədər əvvəl və ya sonra qəbul etmək daha məqsədəuyğun hesab olunur.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*