“Sadəcə təmizlikçisən” deyərək gördüyü işə yuxarıdan aşağı baxdılar… Lakin Niamh Hough aylıq qazancını açıqlayanda hər kəs təəccübləndi. Gündə cəmi bir neçə saat işləyən gənc qadın ayda təxminən 8 min manat qazanır
İngiltərədə yaşayan 22 yaşlı Niamh Hough cəmiyyətin “prestijli iş” anlayışına meydan oxuyub. Öz təmizlik şirkətini quran gənc sahibkar adətən kiçik görülən bu sahədə əldə etdiyi maliyyə uğurunu sosial şəbəkələrdə paylaşaraq böyük müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, Hough həftəlik qazancını açıq şəkildə paylaşır. O, cəmi 5 günlük işdən 1100 avrodan (təxminən 2 min manat) çox qazandığını açıqlayıb.
Bu temp davam etdiyi halda gənc qadının aylıq gəlirinin 4 763 avroya, yəni təxminən 8 min manata çatdığı bildirilir. Hough işlərinin böyük hissəsini saat 15:00-dan əvvəl başa vurduğunu deyir.
Gənc sahibkar uğurunun əsasını xüsusi istedaddan daha çox düzgün strategiya, ciddi intizam və vaxtdan səmərəli istifadə ilə əlaqələndirir.
Qazancını TikTok-da paylaşdıqdan sonra Niamh Hough minlərlə şərhlə qarşılaşıb. Bəzi istifadəçilər onu təhqir edərək “sən sadəcə təmizlikçisən” deyiblər.
Hough isə bu tənqidlərə ironik cavab verib. O, mikroavtobusundan çəkdiyi videoda “Ən prestijli peşə yarışmasına qatıldığımı bilmirdim” deyərək insanların peşələrə yanaşmasını tənqid edib.
22 yaşlı qadın fiziki əməyin çətinliyini və yoruculuğunu gizlətmədiyini bildirir. Buna baxmayaraq, gördüyü işdən əldə etdiyi gəlirin ona maliyyə azadlığı qazandırdığını vurğulayır.
Houghun hekayəsi yüksək gəlirin yalnız ənənəvi olaraq “prestijli” hesab edilən peşələrlə məhdudlaşmadığını göstərməsi baxımından sosial şəbəkələrdə geniş maraq doğurub.\\musavat.com
