Sözün bitdiyi, şərhin artıq lüks sayıldığı anlardan biridir.
KONKRET.az xəbər verir ki, İrəvanda yenə maraqlı mənzərə yaranıb: biri illərdir Rusiyanın “himayəsi” altında yaşayıb Qərbə göz vurur, o biri isə Qərbin dəstəyi ilə Rusiyaya meydan oxuyur. Nəticədə ortaya klassik tablo çıxır: iki bacı əl-ələ.
Biri deyir, “mən artıq Moskvadan yorulmuşam”, digəri deyir, “mən Moskva ilə savaşdayam”. Və hər ikisi eyni səhnədə, eyni kameraların qarşısında, eyni siyasi mesajı verir: Cənubi Qafqaz artıq əvvəlki kimi deyil.
Əlbəttə, bu mənzərə Moskvada çoxlarının boğazında ilişib qalıb. Necə şərh etsinlər? Dünənə qədər “müttəfiq Ermənistan” dedikləri ölkənin paytaxtında Zelenski rahat gəzir, Paşinyanla görüşür, Avropa liderləri ilə eyni masada oturur. Üstəlik, bütün bunlar Rusiyanın ən həssas simvolik günləri ərəfəsində baş verir.
Rusiya mediası isə çaşqın vəziyyətdədir: nə tam qəzəblənə bilir, nə də susa bilir. Çünki mənzərə çox açıqdır. Ermənistan Qərbə doğru addımlayır, Ukrayna isə bu addımı alqışlayır. Yəni siyasi dillə desək, “regional transformasiya”; sadə dillə desək, iki bacı əl-ələ verib Moskvanın əsəbləri ilə oynayır.
Ən maraqlısı isə odur ki, bu görüş təkcə diplomatik protokol deyil. Bu, həm də mesajdır. Mesaj Moskvayadır, Brüsselədir, regionadır: kim dünən kimin yanında idisə, bu gün artıq başqa yerdə dayana bilər.
Və görünən odur ki, İrəvanda çəkilən bu kadr hələ uzun müddət Rusiya efirlərində həzm olunmayacaq.
Natiq Səlim,
KONKRET.az
