Parklanma ilə bağlı qəbul edilən qərar cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Bir çoxları tarifləri və qaydaları məqbul saysalar da, çatışmazlıqların olduğunu dilə gətirənlərə də rast gəlinib. Bəs görəsən, mütəxəssislər bu qərarı necə dəyərləndirirlər? Ümumiyyətlə, sözügedən qərar qanunsuz parklanma və tıxac məsələsinə necə təsir göstərəcək?
Mövzunu KONKRET.az-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, müvafiq qurumların Nazirlər Kabinetinə təqdim etdiyi tariflər qəbul olunan qiymətlərdən təxminən iki dəfə baha olub: “Görünür, hökumət Prezident İlham Əliyevin sosialyönümlü siyasətini nəzərə alaraq parklanma qiymətlərini o qədər də yüksək təyin etməyib. Yəni müəyyən olunan qiymətlər hamı üçün əlçatandır. Tariflərin zonalara bölünməsi də ədalətlidir. Burada iki məqsəd əsas götürülüb. Birincisi, şəhərin mərkəzi hissələrində avtomobil sıxlığının qarşısının alınması prioritet təşkil edir. İkincisi, parklanmaya biznesin cəlb edilməsidir. Yəni biznes maraqlı olmalıdır ki, parklanma yerlərinin təşkili ilə bağlı işlər görə bilsin. Biznesmenlər görsələr ki, parklanmadan gələn gəlir o qədər də sərfəli deyil, yaxud çəkilən xərc uzun illərdən sonra geri qayıdacaq, bu zaman heç bir sahibkar həmin işə maraq göstərməyəcək. Bu səbəblərdən də parklanma tarifləri zonalara bölünüb. Yeni qərarın müsbət cəhəti ondan ibarətdir ki, il ərzində təxminən 50 milyon manat dövlət büdcəsinə daxil olacaq. Müvafiq qurumlar həmin məbləği avtonəqliyyat sahəsinin inkişafına, parklama işçilərinin məvacibinə yönəldə bilər”.
Ekspertin sözlərinə görə, parklanmanın ilk 15 dəqiqəsi pulsuzdur: “Bu istər özəl, istərsə də dövlət parklamalarına aiddir. Parklanma sahibləri ilk 15 dəqiqəyə görə, pul tələb etsələr, onlar haqqında qanuna müvafiq qaydada tədbir görüləcək. Pulsuz parklanma yerləri əsasən şəhərətrafı yerlərdə təşkil olunacaq. Bakı şəhərində vaxtilə dövlətin balansında xeyli sayda parklanma yerləri olub. Ümid edirəm ki, bu qərardan sonra dövlət öz balansında olan və kimlərsə tərəfindən zəbt edilən həmin parklanma yerlərini geri qaytaracaq. Bu məsələni kökündən həll etmək üçün Bakı, Sumqayıt və Gəncədə olan bütün parklanma yerlərinin ünvanları cəmiyyətə açıqlanmalıdır. Şəhər sakinləri və qonaqlar neçə parklanma olduğu və onların harada yerləşdiyi haqda məlumatlandırılmalıdır. Bu məsələlər həll edilsə, parklanmaları idarə etmək asan olar və heç bir problem yaşanmaz”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
