Rusiyalı diplomat İranla nüvə sazişi ətrafında yaranmış vəziyyəti şərh edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, sentyabrın 1-dən əvvəl Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası ilə bağlı razılıq əldə olunarsa, o zaman fevralın ortalarında plan tam şəkildə işləyəcək:
“Əgər JCPOA-nın bərpası ilə bağlı razılıq sentyabrın 1-dən öncə, yəni yaxın günlərdə əldə olunarsa, bu zaman biz əvvəlki vəziyyətə yalnız fevralın ortalarında qayıdacağıq”.
Rusiyalı diplomatın sözlərinə görə, indi 8 avqust mətninin son variantı masadadır. Avropa İttifaqı koordinator kimi bunu yekun danışıqlar adlandırır.
Xatırladaq ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran rəsmi Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyaların ləğvini nəzərdə tutan JCPOA imzalayıblar. 2018-ci ilin mayında Trampın rəhbərliyi altında ABŞ JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyalar bərpa olunub. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldıldığını açıqlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
