“Bakıda tıxacların azaldılması üçün iş saatlarının dəyişdirilməsi müzakirə olunur. Amma indiki vəziyyətdə bunun ciddi effekt verəcəyini gözləmək çətindir. Bu model əsasən tıxacların günün cəmi 1-2 saatında yarandığı şəhərlərdə işləyir.”
KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov paytaxt nəqliyyatındakı mövcud vəziyyəti və təklif olunan qrafik dəyişikliklərini şərh edərkən deyib. Onun sözlərinə görə, Bakıdakı nəqliyyat sıxlığının xarakteri fərqlidir və bu metod paytaxtda effektiv olmaya bilər: “Bakıda səhərdən gecəyə qədər davam edən davamlı nəqliyyat yüklənməsini 1-2 saatlıq qrafik dəyişiklikləri ilə həll etmək mümkün deyil”.
Ekspert bu addımın məcburi və kütləvi xarakter daşıyacağı təqdirdə kiçik müsbət təsirlərinin istisna edilmədiyini, lakin yaradacağı mənfi fəsadların daha qabarıq olacağını vurğulayıb. O, bu islahatın doğuracağı pərdəarxası çətinlikləri belə izah edib: “Dəyişiklik fonunda dövlət və özəl sektor arasında koordinasiya problemləri, ailələrin gündəlik planlamasında çətinliklər, iş və sosial həyat balansının daha da pozulması kimi mənfi hallar yarana bilər”.
Eldəniz Əmirov bəyanatının sonunda Bakıdakı nəqliyyat böhranının kökündə dayanan əsas amili diqqətə çatdıraraq qeyd edib ki, həddindən artıq mərkəzləşmə dəyişmədən qalarsa, şəhərdə tıxac problemi hər zaman qaçılmaz olaraq qalacaq.
Natiq Səlim,
KONKRET.az
