İsa Qəmbərin qayıdışı nəyi dəyişəcək? – Müsavatda “Putin-Medvedev” tamaşasıbackend

İsa Qəmbərin qayıdışı nəyi dəyişəcək? – Müsavatda “Putin-Medvedev” tamaşası

Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədri olan, amma cəmiyyətdə ciddi nüfuz sahibi olmayan İsa Qəmbərin yenidən Müsavat başqanlığına namizədliyini irəli sürməsi xəbəri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bəziləri İsa Qəmbərin xarizmatik siyasətçi olduğunu iddia edərək, onun qayıdışının dağılmış partiyanı bir araya gətirəcəyini və müxalifəti gücləndirəcəyini, digərləri isə bunun yanlış olduğunu, indiyədək müsavatçılar arasında yeni siyasi fiqurların meydana çıxmamasını biabırçı hal və Müsavatın iflası kimi dəyərləndirirlər.

İkincilərin fikrincə, İsa Qəmbər başqanlığa qayıtsa belə, Müsavat Partiyası əvvəlki gücünü bərpa edə bilməyəcək. Bunun səbəbləri isə müxtəlifdir. Əvvəla, Arif Hacılının başqanlığa gətirilməsi ilə çoxlu sayda müsavatçılar partiyadan uzaqlaşıblar. İkinsici, mövcud durumun yaranmasında İsa Qəmbərin də “xidmətləri” olub.

“Mübarizə hakimiyyətlə Müsavat arasında gedir” deməklə o, Vurğun Əyyub, Qubad İbadoğlu və digər tanınmış siyəsətçiləri “hakimiyyətin maşası” olmaqda günahlandırdı, partiyada aparılan şər-böhtan, qarayaxma kampaniyasını dayandırmadı, əksinə tənqidi fikirlər səsləndirən insanların partiyadan kənarlaşdırılmasına dəstək verdi.

Əslində, 22 illik başqanlıqdan sonra bu vəzifədən getməyin vaxtının keçdiyini də cəmiyyət İsa Qəmbərə xatırlatmışdı. Məlum olmuşdu ki, hakimiyyətdən “ardıcıl olaraq iki müddət” vəzifədə qalmağı tələb edən bir partiyanın başqanı Nizamnamənin 12-ci bəndini kobudcasına pozub. Çünki həmin bənddə belə yazılıb: “Partiyanın Başqanı, MNTK sədri, rayon (şəhər), Naxçıvan MR və xüsusi statuslu təşkilatların sədrləri və NTK sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz”.

İsa Qəmbər və Arif Hacılı prokurorluqda ifadə verir

Deməli 1992-ci ildə partiya başqanı olmuş İsa Qəmbər əslində 1997-ci ildə ikinci dəfə başqan seçilməli və 2002-ci ildə bu kürsünü öz xələfinə təhvil verməli idi. Lakin yəqin ki, partiyadakı idarəetmənin qüsurlarına görə, bu, baş verməmişdi. Müxalifət, o cümlədən İsa Qəmbər də vaxtını “X” günü gözləməyə xərcləmişdi. Ən qəribəsi və gülməlisi isə o idi ki, düz 22 ildən sonra 2014-cü ilin sentyabrında başqan vəzifəsini zorən tərk edərkən İsa Qəmbər bu addımı “demokratiya nümunəsi” adlandırırdı.

O zaman İsa Qəmbərin başqan kürsüsündə Aif Hacılının namizədliyini dəstəkləməsi isə müəyyən şübhələrə yol açmışdı. Bir çoxları bu addımın “Putin-Medvedev tandemi”nin hərəkətlərini xatırlatdığını iddia edirdilər. Bu “konspiroloji” addımın arxasında Arif Hacılının müddətini başa vurduqdan sonra başqan postunu yenidən İsa Qəmbərə təhvil verəcəyi versiyasının durduğunu söyləyirdilər.

O zaman İsa Qəmbər belə iddiaları rədd edirdi və nəzərə çatdırırdı ki, əslində Nizamnamə onun yenidən başqanlığa namizəd olmasını qadağan etmir, amma buna lüzum görmür: “Mən növbəti qurultayda başqanlığa namizəd ola bilərəm. Amma düşünürəm ki, yeni başqan elə işləyəcək ki, buna ehtiyac olmayacaq”.

İndi həyat göstərir ki, “Qəmbər-Hacılı tandemi” ilə bağlı iddia doğru çıxdı.

KONKRET.az-a açıqlamasında tanınmış politoloq və müstəqil jurnalist Aydın Sadiq baş verənlərə belə münasibət bildirib: “Bu, bir daha göstərir ki, ölkədəki partiyalar özəldir. Öz partiyasıdır: istəyir – gedir, istəyir – qayıdır. Bu sözləri bütün digər partiyalar haqqında da demək olar. Qayıtması müxalifətə yox, xalqa nə verəcək?! Bu məsələ isə heç kimi maraqlandırmır”.

Səid CƏFƏROĞLU,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*